Paris Borcdan Çıxmaq Üçün Eyfel Qülləsini Satırmı?

3 Dəq Oxuma Müddəti

Parisin dərin maliyyə böhranı

Fransanın paytaxtı Paris hazırda tarixi maliyyə böhranı ilə üz-üzədir. İl-de-Frans Regional Hesablama Palatasının yeni hesabatına görə, şəhərin borcu 2024-cü ilin sonuna 9,3 milyard avroya çatıb. Bu, 2014-cü illə müqayisədə iki dəfədən çox artım deməkdir.

136 səhifəlik hesabat Paris bələdiyyəsinin maliyyə vəziyyətini “davamlı deyil” sözləri ilə xarakterizə edib və xəbərdarlıq edib ki, şəhər artıq yeni kreditlər olmadan layihələrini davam etdirə bilməz.

Artan xərclər və kəsirli büdcə

2023-cü ildə bələdiyyə daşınmaz əmlak vergisini 59 faiz artıraraq borcların bir hissəsini qarşılamağa çalışsa da, bu addım böhranı dayandıra bilməyib. Xərclərin çoxalması, mərkəzi hökumətin dəstəyinin azalması və bahalı layihələrin davam etməsi Paris büdcəsində böyük kəsir yaradıb.

Buna baxmayaraq, şəhər rəhbərliyi məhəllələrin yenidən qurulması və ictimai məkanların yaradılması kimi layihələri dayandırmayıb. Müxalifət isə bunu maliyyə reallıqlarının görməməzlikdən gəlinməsi kimi dəyərləndirir.

Siyasi qalmaqal və seçkilər

Hesabatın mart 2026-da keçiriləcək bələdiyyə seçkilərinə altı ay qalmış dərc olunması ölkədə siyasi müzakirələri daha da qızışdırıb. Mövcud mer Ann İdalqonun tərəfdarları bunun məqsədli olaraq seçkilər ərəfəsində yayımlandığını iddia edir. Müxalif Respublikaçılar Partiyası isə meriyanı “maliyyə fəlakəti”ndə günahlandırır.

Hazırda Parisdə 55 mindən çox bələdiyyə işçisi çalışır və müxalifət hesab edir ki, bu qədər şişirdilmiş aparat və bahalı layihələr böhranın əsas səbəbləridir.

Eyfel qülləsi satılırmı?

Fransız iqtisadçı Erik Dör xəbərdarlıq edib ki, Parisin taleyi ABŞ-ın 2013-cü ildə borclar ucbatından müflis elan olunan Detroyt şəhərinin aqibətinə bənzəyə bilər. Onun sözlərinə görə, əgər borc gündəlik xərcləri qarşılamaq üçün istifadə olunursa, bu, təhlükəlidir və bazarların etimadını məhv edə bilər.

Dör simvolik şəkildə Eyfel qülləsinin satışını və ya girov qoyulmasını da gündəmə gətirib. Turizm abidəsinin dəyəri təxminən 50 milyard avro hesablanır. Hərçənd bu, hüquqi baxımdan mümkün deyil, amma belə bir təklifin dilə gətirilməsi Parisin böhranın nə qədər ciddi olduğunu göstərir.

Çıxış yolları

Şəhər rəhbərliyi 2025-ci ilin sonunadək borcları azaltmaq üçün yeni plan vəd edir. Buraya sərmayələrin azaldılması və daha çox sosial mənzillərin tikintisinə yönəlmək daxildir. Lakin ekspertlər bu addımların kifayət etməyəcəyini düşünür və daha sərt islahatların qaçılmaz olduğunu bildirirlər.

Əks halda, Parisin maliyyə etibarı və iqtisadi nüfuzu ağır zərbə ala bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş