Papa XIV Leo ilk xarici səfərinə Türkiyədən start verir
Vatikanın yeni rəhbəri, katolik kilsəsinin başçısı Papa XIV Leo bu gün – cümə axşamı – pontifikatının ilk xarici səfərinə çıxır. Onun ilk dayanacağı Türkiyə olacaq. Səfər çərçivəsində Papa Yaxın Şərqdə sülhün bərpası üçün çağırışlar edəcək və xristian dünyasında uzun illərdir davam edən parçalanmanın aradan qaldırılması məqsədilə birliyə dəstək mesajları səsləndirəcək.
Katolik kilsəsinin tarixində ilk dəfə amerikalı əsilli papa seçilən XIV Leo Türkiyəni səfərinin ilk ölkəsi kimi seçməklə həm də Birinci Nikeya Şurasının 1700 illiyini qeyd etməyə qatılır. Məhz həmin şura nəticəsində bu gün xristian dünyasının böyük əksəriyyəti tərəfindən istifadə olunan “Nikeya Etirafı” qəbul edilib.
Vatikan müxbirlərinin məlumatına görə, səfər xüsusi diqqətlə izlənir. Papa XIV Leo ilk dəfə Vatikan hüdudlarından kənarda xütbə verəcək və Türkiyənin tarixi-mədəni məkanlarını ziyarət edəcək. O, bu gün saat 08:40-da diplomatik, tibb və media heyətinin müşayiəti ilə rəsmi səfərə yola düşüb.
Ankara və İstanbulda görüşlər
Səfərin ilk dayanacağı Türkiyənin paytaxtı Ankara olacaq. Burada Papa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək və ölkənin siyasi rəhbərləri qarşısında çıxış edəcək.
Günün sonunda Papa XIV Leo İstanbul şəhərinə gedəcək. İstanbul dünya pravoslav xristianlarının mənəvi rəhbəri olan Ekümenik Patriarx Bartholomeosun iqamətgahıdır. Dünyada 260 milyonadək pravoslav xristianın dini lideri sayılan Bartholomeosla görüş səfərin ən mühüm məqamlarından biri kimi qiymətləndirilir.
İznikə birgə ziyarət
Sabah – cümə günü – Papa XIV Leo və Patriarx Bartholomeos İstanbuldan təxminən 140 kilometr cənub-şərqdə yerləşən İznikə yollanacaqlar. Qədim dövrlərdə Nikeya adlanan bu şəhər xristian dünyasının ən mühüm teoloji sənədlərindən biri olan Nikeya Etirafının hazırlandığı məkandır.
Papa Livana sülh gündəmi ilə gedir
Türkiyə səfəri başa çatdıqdan sonra Papa XIV Leo bazar günü Livana gedəcək. Bu ziyarət zamanı əsas mövzu bölgədə sülhün və sabitliyin gücləndirilməsi olacaq. Vatikan sözçüsü Matteo Bruni son günlər Beyrutun cənub bölgələrinə İsrailin endirdiyi hava zərbələrindən sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. O, detallara toxunmasa da, səfərin təhlükəsiz keçməsi üçün bütün tədbirlərin görüldüyünü vurğulayıb.
Papa XIV Leo may ayında vəfat edən Papa Fransiskin yerinə seçilib. Fransisk həm Türkiyəyə, həm də Livana səfər etməyi planlaşdırsa da, səhhətindəki ciddi problemlər səbəbilə bu səfərləri həyata keçirə bilməmişdi.
