Pakistan: Əfqanıstanla Sülh Danışıqları Uğursuzluqla Nəticələndi

2 Dəq Oxuma Müddəti

Pakistan-Əfqanıstan danışıqları nəticə vermədi

Pakistan hökuməti Əfqanıstanla ölümcül sərhəd qarşıdurmalarını dayandırmaq məqsədilə aparılan sülh danışıqlarının nəticəsiz qaldığını açıqlayıb.

Ölkənin məlumat naziri Attaullah Tarar çərşənbə günü sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, Əfqanıstan tərəfi əsas mövzulardan yayınaraq danışıqları çıxılmaz vəziyyətə salıb.

“Əfqan tərəfi heç bir təminat vermədi, məsuliyyəti üzərindən ataraq ittihamlar və yayınmalarla məşğul oldu,” – deyə Tarar qeyd edib.

70 nəfər həlak olub, yüzlərlə yaralı var

Oktyabrın 9-da Kabildə baş verən partlayışlardan sonra iki ölkə arasında gərginlik kəskinləşib. Taliban rəhbərliyi hadisəyə görə Pakistani günahlandırıb, bunun ardınca sərhədin hər iki tərəfində ağır silahlı toqquşmalar başlayıb.

Toqquşmalar nəticəsində 70-dən çox insan həyatını itirib, yüzlərlə şəxs yaralanıb.

Qətərin vasitəçiliyi ilə oktyabrın 19-da müvəqqəti atəşkəs əldə olunsa da, İstanbulda aparılan danışıqlarda tərəflər davamlı sülh razılaşmasına gələ bilməyib.

Pakistan: “Əfqanıstan terrorçuları dəstəkləyir”

Nazir Tarar bildirib ki, Pakistan danışıqlarda barış və əməkdaşlıq ruhu ilə iştirak edib, lakin Əfqanıstan anti-pakistan silahlı qruplarına dəstək verməyi dayandırmayıb.

“Biz xalqımızı terror təhdidlərindən qorumaq üçün bütün zəruri addımları atmağa davam edəcəyik,” – deyə Tarar vurğulayıb.

Müdafiə nazirindən sərt xəbərdarlıq

Bir neçə saat sonra Pakistanın müdafiə naziri Xavaca Asif sosial mediada sərt bəyanatla çıxış edib:

“Pakistan ərazisində hər hansı terror hücumu və ya intihar partlayışı baş verərsə, bu, Əfqanıstan üçün çox acı nəticələr doğuracaq.”

Kabilin cavabı

Əfqanıstan hökuməti hələlik İslamabadın bəyanatına rəsmi cavab verməyib. Lakin Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Mateen Qani “Ariana News”a açıqlamasında bildirib ki,

“Əfqanıstana yönələn istənilən aqressiya Pakistana dərs olacaq cavabla qarşılanacaq.”

Gərgin münasibətlər fonunda qarşılıqlı ittihamlar

Son illərdə Pakistan və Əfqanıstan arasında 2600 kilometrlik sərhəd boyunca münasibətlər daha da gərginləşib.

İslamabad Talibanın qadağan olunmuş “Tehrik-e-Taliban Pakistan” (TTP) təşkilatına Əfqanıstan ərazisində sığınacaq və təlim bazası verdiyini iddia edir.

Kabil isə bu ittihamları “dezinformasiya” adlandıraraq, əksinə, Pakistan ordusunu İŞİD-lə əlaqəli qrupları himayə etməkdə suçlayır.

Hər iki tərəfin qarşılıqlı ittihamları regionda təhlükəsizlik və diplomatik sabitlik üçün ciddi təhdid kimi qiymətləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş