CHP liderindən məhkəmə qərarına ilk açıqlama
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel, partiyanın 38-ci Qurultayının etibarsız sayılması üçün açılmış məhkəmə iddiasının rədd edilməsindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Özel açıqlamasında bildirib ki, məqsəd partiya daxilində qarşıdurma görüntüsü yaratmaq idi, lakin bu cəhd uğursuz olub:
“Bizi xəstələndirməyə çalışdılar. Amma xəstəlik yaratmaq üçün mikrob gərəkdir. Onlar mikrobu tapıb bədənə soxmaq istədilər. Amma CHP-nin güclü bədəni nə xəstələndi, nə zəiflədi, nə də o mikrobları qəbul etdi. Bu məsələ bu gün tamamilə bitdi.”
CHP lideri əlavə edib ki, bu qərarla birlik və demokratiya qalib gəlib:
“Bir tərəfdə sandığı ortadan qaldırmaq istəyən avtoritar güclər var, digər tərəfdə isə demokratiya uğrunda mübarizə aparan biz. Demokratlar qazandı, otokratiya məğlub oldu.”
“İstanbula qəyyum” iddialarına cavab
Özel, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu barədə “casusluq” ittihamı ilə aparılan istintaq və şəhərə “qəyyum” (rəsmi təyin olunmuş idarəçi) təyin ediləcəyi iddialarına da münasibət bildirib:
“Bu məsələni şişirtmək istəyənlər var. Amma xalq buna icazə verməyəcək. Əkrəm İmamoğlu hələ iddianaməni belə gözləyir. İstintaq ‘terrordan’ açıldığı anda qəyyumtəyin etmək mümkündür, amma buna cəsarət edə bilmədilər. Saraçhanedəki o milyonlarla insanın toplaşdığı gecəni xatırlayın — bu xalq buna imkan verməz.”
Özel əlavə edib ki, hökumətin və “Saray”ın planları uğursuzluğa düçar olub:
“İstanbulda nə qəyyuma nə də başqa bir müdaxiləyə yer yoxdur. CHP kongresini ləğv etmək cəhdi boşa çıxdı, bazar da dərhal 5 faiz yüksəldi. Bu, xalqın demokratiyaya olan etimadının göstəricisidir.”
Prezident Ərdoğana sərt cavab
CHP sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarına da cavab verib:
“Cənab Ərdoğan uçuş zamanı ‘uçmağı’ bir az fərqli anlayır. Hakimiyyətə gələndə simit 25 qəpik idi, indi 20 lirədir. Bunun məsuliyyəti kimdədir? Özündə. Ömər Çelik üçün də deyirəm — seçici qulaq zarı var, işinə gələn səsləri eşidir, gəlməyənləri yox.”
Özel əlavə edib ki, İmamoğlu barədə “casusluq” ittihamı ilə yeni bir proses başladılmaq istənilir:
“Yolsuz dedilər, tutmadı. Hırsız dedilər, olmadı. İndi də casusluqla cəhd edirlər. Amma bu xalq bu oyuna gəlməyəcək.”
