Ordumuzun Daha Bir Əsgəri Vəfat Etdi: Cavabsız Qalan Suallar Artır

3 Dəq Oxuma Müddəti

Əsgərlərin vəfat səbəbləri: rəsmi qurumlara yönələn ağır suallar

Ordumuzun əsgəri, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniya (ağciyərlərin, xüsusən də ağciyər kisəciklərinin iltihabıdır) səbəbindən vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq və suallar doğurub. Gənc yaşda baş verən bu ölüm faktı təkcə bir ailənin faciəsi deyil, eyni zamanda orduya çağırış sistemi, tibbi yoxlamaların keyfiyyəti və rəsmi qurumların məsuliyyətsizliyi ilə bağlı ictimai etimadı sarsıdan hadisədir.

Mediada yayılan məlumatlara görə, Əli Cəfərov pnevmoniya diaqnozu ilə həyatını itirib və artıq Gəncə şəhərində dəfn olunub. Lakin əsas sual açıq qalır: əgər gənc sağlam deyildisə, yaxud ciddi risk yaradan tibbi problemi mövcud idisə, o, hansı əsaslarla hərbi xidmətə yararlı hesab edilib?

Tibbi yoxlamalar kağız üzərindəmi qalır?

Məlum olduğu kimi, hərbi xidmətə çağırılan bütün vətəndaşlar çağırışdan əvvəl tibbi komissiyadan keçməlidir. Bu komissiyaların əsas vəzifəsi sağlamlıq baxımından risk daşıyan şəxsləri vaxtında müəyyənləşdirmək və onların hərbi xidmətə cəlb edilməsinin qarşısını almaqdır. Lakin son illərdə oxşar ölüm halları bu mexanizmin real vəziyyətdə necə işlədiyi ilə bağlı ciddi şübhələr yaradır.

Əgər Əli Cəfərovun səhhətində hərbi xidmətə mane olan problem mövcud idisə, bu, ya bilərəkdən nəzərə alınmayıb, ya da səthi şəkildə aparılan yoxlamalar nəticəsində gözdən qaçırılıb. Hər iki halda məsuliyyət birbaşa rəsmi qurumların üzərinə düşür.

Xəstəlik orduda nəzarətsizmi qalır?

Digər mühüm məqam isə xidmət zamanı tibbi nəzarətin vəziyyətidir. Pnevmoniya bir günün içində yaranan sadə xəstəlik deyil və əksər hallarda ilkin simptomlarla özünü göstərir. Bu simptomlar vaxtında aşkarlanıb lazımi tibbi müdaxilə edilsəydi, faciənin qarşısını almaq mümkün ola bilərdi.

Bu isə sualı daha da kəskinləşdirir: əsgərin səhhətindəki problemlər niyə vaxtında qeydə alınmayıb? Hərbi hissədə tibbi xidmət lazımi səviyyədədirmi? Yoxsa bu sahədə də məsuliyyətsizlik və laqeydlik hökm sürür?

Rəsmi qurumlar susur, cəmiyyət cavab gözləyir

Hazırda ən ciddi problem rəsmi qurumların məsələ ilə bağlı susqunluğudur. Nə Müdafiə Nazirliyi, nə də çağırış və tibbi yoxlamalara cavabdeh strukturlar cəmiyyətə aydın və qaneedici açıqlama veriblər. Bu susqunluq isə şübhələri daha da artırır.

Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissorluq” fakültəsinin məzunu, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğlu idi. Gələcək planları olan, gənc və savadlı bir insanın bu şəkildə həyatını itirməsi dövlət qurumlarının məsuliyyətini daha da ağırlaşdırır.

Cəmiyyət haqlı olaraq tələb edir: hadisə ilə bağlı obyektiv araşdırma aparılsın, məsul şəxslər müəyyən edilsin və nəticələr ictimaiyyətə açıqlansın. Əks halda, bu ölüm də əvvəlkilər kimi “statistik göstərici”yə çevriləcək və eyni faciələr təkrar olunacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş