Oman XİN Rəhbəri: Regionun Sabitliyini İran Deyil, İsrail Pozur

2 Dəq Oxuma Müddəti

Oman XİN rəhbəri İsrailin siyasətlərini region sabitliyinə təhdid adlandırdı

Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busəidi bəyan edib ki, regionda təhlükəsizliyin pozulmasına səbəb olan əsas qüvvə İran deyil, İsraildir. Nazir bildirib ki, İsrailin məqsədli şəkildə gərginliyi uzatmaq siyasəti yüzlərlə günahsız insanın ölümünə səbəb olub. Bu fikirləri o, Bəhreyndə keçirilən “Manama Dialoqu 2025” forumunda səsləndirib. Forum, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (IISS) ilə birgə təşkil olunub.

Əl-Busəidi qeyd edib ki, “həqiqi təhlükəsizlik nə təcrid, nə də istisna siyasəti ilə əldə oluna bilər. Sabitlik yalnız region ölkələri arasında qarşılıqlı əməkdaşlıq və inklüziv yanaşma ilə mümkündür.”

“İran təmkin nümayiş etdirdi”

Omanlı diplomat çıxışında həmçinin vurğulayıb ki, İran İsrailin təxribatlarına baxmayaraq, soyuqqanlılıqla davranıb. O, İsrailin Suriyada İran konsulluğunu bombalaması, Livandakı səfirinə qarşı hücum təşkil etməsi və Tehranda yüksək səviyyəli fələstinli danışıqlarçının qətlə yetirilməsini xatırladıb. Nazir bu hərəkətləri beynəlxalq hüququn açıq-aşkar pozulması və regionda gərginliyin dərinləşməsi kimi qiymətləndirib.

“İsrail – regionda təhlükəsizliyin əsas əleyhdarıdır”

Bədr əl-Busəidi bildirib ki, bu cür hərbi və siyasi addımlar göstərir: İsrail, İran deyil, Yaxın Şərqdə sabitliyin qarşısını alan əsas amildir. O, bütün region ölkələrinə – o cümlədən İrana, İraqa və Yəmənə – daxil olan regional təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini qeyd edib.

Nazirin sözlərinə görə, inklyuziv və ədalətli əməkdaşlıq modeli ekstremizmin qarşısını almağa, qarşılıqlı etimadı artırmağa və ümumi rifahı təmin etməyə kömək edə bilər. Əl-Busəidi xəbərdarlıq edib ki, istisnaya əsaslanan siyasət isə yalnız “radikalizm və qeyri-sabitliyə zəmin yaradır”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş