ABŞ kəşfiyyatından sarsıdıcı iddia
ABŞ-ın nüfuzlu nəşri “Nyu York Tayms”ın yayımladığı araşdırma yazısında Venesuela prezidenti Nikolas Maduronun oğurlanması əməliyyatı ilə bağlı yeni detallar açıqlanıb. Qəzetin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) bağlı olan və Venesuela hökumətinin daxilində fəaliyyət göstərən bir mənbə Maduronun izlənməsi və ələ keçirilməsində həlledici rol oynayıb.
Məqalədə bildirilir ki, sözügedən mənbə Vaşinqtona prezidentin olduğu yerlər və hərəkət marşrutları barədə son dərəcə dəqiq məlumatlar ötürüb. Bu məlumatlar ABŞ xüsusi xidmət orqanlarının əməliyyatı planlaşdırmasını xeyli asanlaşdırıb.
Pilotsuz uçuş aparatları ilə fasiləsiz izləmə
Qəzetə danışan və əməliyyatla tanış olan mənbələrin sözlərinə görə, CIA Venesuela üzərində demək olar ki, fasiləsiz şəkildə “gizli” pilotsuz uçuş aparatlarından istifadə edib. Bu dronlar Maduronun hərəkətlərini günlərlə izləyib və onun oğurlanmasından öncəki son saatlarda dəqiq mövqeyini müəyyənləşdirib.
Məlumatda qeyd olunur ki, hava müşahidəsi Venesuela hökumət strukturları daxilindən ötürülən kəşfiyyat məlumatları ilə birləşdirilib. Nəticədə Maduronun yerinin təsdiqlənməsi və əməliyyatın icrası mümkün olub.
50 milyon dollarlıq mükafat faktoru
“Nyu York Tayms” yazır ki, Venesuelalı mənbənin necə cəlb edildiyi hələlik tam aydın deyil. Bununla belə, keçmiş ABŞ rəsmiləri CIA-nın Vaşinqton tərəfindən elan edilmiş 50 milyon dollarlıq mükafat mexanizmindən faydalandığını istisna etmirlər. Həmin mükafat Maduronun ələ keçirilməsinə aparan məlumatlara görə nəzərdə tutulmuşdu.
CIA rəhbərliyinin sərt xətti
Hesabatda vurğulanır ki, CIA direktoru Con Ratkliff ötən il vəzifəyə təsdiqlənərkən agentliyin daha sərt və daha aktiv gizli əməliyyatlar aparacağını vəd edib. ABŞ Prezidenti Donald Trampın da CIA-ya Venesuela daxilində daha aqressiv addımlar atmaq üçün geniş səlahiyyətlər verdiyi bildirilir.
Məqaləyə əsasən, ABŞ ötən ilin noyabr ayında Venesuela daxilində bir sıra gizli əməliyyatların planlaşdırılmasına rəsmi razılıq verib. Hətta dekabrın sonlarında narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən bir dəstəyə qarşı silahlı pilotsuz uçuş aparatı ilə zərbə endirildiyi də qeyd olunur.
Oğurlama əməliyyatı necə həyata keçirilib?
Qəzetə danışan mənbələr bildirir ki, Maduronun oğurlanması CIA ilə ABŞ ordusu arasında sıx əməkdaşlıq nəticəsində baş tutub və aylarla davam edən dəqiq planlaşdırmanın məhsulu olub. Bununla yanaşı vurğulanır ki, əməliyyat hüquq-mühafizə tədbiri kimi təqdim edilib və birbaşa CIA deyil, ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən icra olunub.
