Norveç İsraili Darmadağın Etdi: 5-0 Hesablı Qələbə

2 Dəq Oxuma Müddəti

Norveç millisi İsraili 5-0 hesabı ilə məğlub etdi

2026-cı il FIFA Dünya Kubokunun Avropa zonası üzrə I qrup mərhələsində Norveç və İsrail yığmaları üz-üzə gəlib. Oslo şəhərindəki “Ullevaal” stadionunda keçirilən görüşdə meydan sahibləri rəqib üzərində tam üstünlük nümayiş etdirib.

Oyuna sürətli başlayan Norveç 6-cı dəqiqədə penalti qazanıb. Lakin komandanın ulduz hücumçusu Erlinq Haaland zərbəni dəqiq yerinə yetirə bilməyib. Buna baxmayaraq, ev sahibi komanda çox gözləmədən hesabı açıb — 18-ci dəqiqədə İsrail futbolçusu Anan Xalaili topu öz qapısına göndərib.

Haaland 27-ci dəqiqədə fərqi artıraraq hesabı 2-0 edib. Cəmi bir dəqiqə sonra Idan Naçmiasın səhvindən sonra top yenidən İsrailin qapısına daxil olub. Beləcə, Norveç cəmi yarım saatda 3-0 hesablı üstünlük qazanıb və ilk hissə bu nəticə ilə başa çatıb.

Haalanddan “hat-trick”, İsraildən cavab yox

İkinci hissədə də oyunun ritmini tam nəzarətdə saxlayan Norveç komandası 63 və 72-ci dəqiqələrdə Haalandın daha iki qolu ilə fərqi beş topa çatdırıb. Ulduz hücumçu görüşü “hat-trick”lə başa vurub. Qarşılaşma Norveçin 5-0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Qəzzaya dəstək, İsrailə etiraz

Norveç Futbol Federasiyası hələ avqust ayında bu oyunun bütün gəlirinin Qəzzaya yardım üçün ayrılacağını açıqlamışdı. Bu qərar matç günü tribunaları dolduran azarkeşlərin böyük dəstəyinə səbəb olub.

Tamaşaçılar Norveç və Filistin bayraqları ilə stadiona gələrək “Qəzzaya azadlıq” şüarları səsləndirib. Azarkeşlər həmçinin matç zamanı xüsusi aksiyalar keçirərək İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı etirazlarını bildiriblər.

“İsrailə qırmızı kart” aksiyası

Matçdan öncə təşkil edilən kampaniyada minlərlə insan İsrailin beynəlxalq futbol yarışlarından uzaqlaşdırılmasını tələb edib. Norveçli azarkeşlər stadionda “İsrailə qırmızı kart” plakatları qaldıraraq UEFA və FIFA-ya çağırışlar səsləndiriblər.

Onlar “Futbola qan bulaşmasın” şüarı altında imza kampaniyaları apararaq Qəzzada baş verənləri qınayıblar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş