“Fəth” surəsinin çətin günlərdə oxunmasının səbəbi
Mübarək “Fəth” surəsi ilahi yardım və qələbə vədini xatırlatması, möminlərin qəlbinə rahatlıq bəxş etməsi səbəbindən çətin şəraitdə, müharibə zamanı və çıxış yolu görünməyən vəziyyətlərdə oxunması tövsiyə edilən surələrdən biridir.
Qurani-Kərimin 48-ci surəsi olan və 29 ayədən ibarət mübarək “Fəth” surəsi Hüdeybiyyə sülhündən sonra nazil olub. Həmin dövrdə bəzi müsəlmanlar bu hadisəni bir növ geri çəkilmə və məğlubiyyət kimi qiymətləndirsələr də, Qurani-Kərim onu “Fəthun mübin” (açıq-aşkar qələbə) adlandırıb.
Məlumata əsasən, çətin şəraitdə, müharibə zamanı və çıxılmaz vəziyyət hiss edildikdə bu surənin oxunmasının tövsiyə edilməsi onun çətinliklərdən sonra qələbə, ümidin gücləndirilməsi və ilahi yardımın xatırladılması ilə bağlı təlimlərindən qaynaqlanır.
Çətinlikdən sonra qələbə – “Fəth” surəsinin əsas mesajı
“Fəth” surəsinin ən mühüm mesajlarından biri çətinliklərdən sonra ilahi qələbə vədidir. Bu surə Hüdeybiyyə sülhündən sonra nazil olub. İlk baxışda bəzi müsəlmanlar üçün xoşagəlməz görünən bu hadisəni Allah açıq-aşkar qələbə kimi təqdim edib.
Surənin ilk ayəsində buyurulur:
«إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا»
“Həqiqətən, Biz sənə açıq-aşkar bir qələbə bəxş etdik”.
Bu ayə xatırladır ki, bəzən zahirdə çətinlik və ya geri çəkilmə kimi görünən hadisələr daha böyük qələbəyə nail olmağın başlanğıcı ola bilər.
Möminlərin qəlb rahatlığı və imanlarının artması
Bu surənin digər təlimlərindən biri möminlərin ruh yüksəkliyinin gücləndirilməsi və qəlblərində rahatlığın yaradılmasıdır.
“Fəth” surəsinin dördüncü ayəsində oxuyuruq:
«هُوَ الَّذِي أَنْزَلَ السَّكِينَةَ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لِيَزْدَادُوا إِيمَانًا مَعَ إِيمَانِهِمْ»
“Möminlərin imanlarının üstünə iman artırmaları üçün onların qəlblərinə aramlıq nazil edən Odur”.
Bu ayə qorxu, təzyiq və çətin şəraitlə üzləşərkən imanın insana rahatlıq bəxş edən rolunu vurğulayır. Həmçinin xatırladır ki, ilahi yardım möminlərlə birlikdədir və həqiqi qələbə Allah tərəfindən bəxş olunur.
Allahın qüdrətinin və ilahi orduların xatırladılması
“Fəth” surəsinin dördüncü və yeddinci ayələrində Allahın qüdrətinə, Onun göylərin və yerin orduları üzərindəki hakimiyyətinə işarə edilir:
«وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ»
“Göylərin və yerin orduları Allaha məxsusdur”.
Çətin şəraitdə bu həqiqətə diqqət yetirmək möminlərin imanını və Allahın yardımına olan etimadını gücləndirə bilər. Həmçinin onlara xatırladır ki, ilahi qüdrət zahiri hesablamalar və imkanlarla məhdudlaşmır.
Haqq dinin digər dinlər üzərində qələbə vədi
“Fəth” surəsinin digər əsas mövzularından biri haqq dinin digər dinlər üzərində qələbə çalacağına dair vəddir.
Surənin 28-ci ayəsində buyurulur:
«هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَكَفَى بِاللَّهِ شَهِيدًا»
“Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur ki, onu bütün dinlərə qalib etsin. Allahın şahid olması kifayətdir”.
Bu ayə haqq dinin üstünlüyü və qələbəsi barədə ilahi vədi vurğulayır. Eyni zamanda möminlərin qəlbində Allahın vədlərinin gerçəkləşəcəyinə olan ümidi diri saxlayan təlimlərdən biridir.
Hədislərdə “Fəth” surəsini oxumağın fəziləti
Bəzi hədislərdə İslam Peyğəmbərinin (s) “Fəth” surəsinə olan məhəbbətindən bəhs edilir. Hədis mənbələrində və dua kitablarında bu surənin oxunmasının çətinliklərin aradan qalxması, işlərin asanlaşması və qələbə kimi təsirləri olduğu bildirilir.
Buna əsasən, çətin şəraitdə “Fəth” surəsinin oxunmasının tövsiyə edilməsini onun ümidverici məzmunu, çətinliklərdən sonra qələbəni xatırlatması, qəlb rahatlığını gücləndirməsi və ilahi yardıma etimadı artırması ilə əlaqələndirmək olar.
Ayələr üzərində təfəkkür edərək Quran oxumaq
Quran oxuyarkən mühüm məqam yalnız sözləri və ayələri tilavət etməklə kifayətlənməməkdir.
İnsan Quran oxuyarkən ayələrin məna və məfhumuna nə qədər çox diqqət yetirər və onlar üzərində təfəkkür edərsə, Qurandan müxtəlif sahələrdə, xüsusilə əxlaq, etiqad və davranış baxımından bir o qədər çox faydalanar.
