Qəzzadan sonra dəyişən regional mənzərə
2023-cü il 7 oktyabr tarixində Qəzza zolağında başlayan müharibə Qərbi Asiyada uzun illər mövcud olan qarşıdurma çərçivələrini kökündən dəyişdi. Artıq münaqişə dar coğrafiya ilə məhdudlaşmır, cəbhələr genişlənir, illərlə işlək olan çəkindirmə mexanizmləri ya zəifləyir, ya da yenidən formalaşdırılır. Bu dəyişimin mərkəzində isə İran dayanır.
İran bu mərhələdə təsadüfi aktor deyil, regiondakı hərbi və siyasi balansların ayrılmaz tərkib hissəsinə çevrilib. Artıq Qərbi Asiyada baş verən prosesləri İran amilini nəzərə almadan izah etmək mümkün deyil. Bu da köhnə, lakin indi daha kəskin səslənən sualı yenidən gündəmə gətirir: Qərb, xüsusilə ABŞ, niyə İrandan qorxur?
Regional qarşıdurmadan çoxcəhbəli oxlara
Qəzza müharibəsi göstərdi ki, ABŞ və İsrail tək bir cəbhə ilə deyil, Qəzzadan Cənubi Livana, Suriyadan İraqa və Yəmənə qədər uzanan bir oxla üz-üzədir. Bu ox klassik müharibə modeli deyil, mərhələli və hesablanmış çəkindirmə məntiqinə əsaslanır. İran isə bu strukturun dayaq nöqtəsi kimi çıxış edir.
2024 və 2025-ci illərdə həyata keçirilən “Sadiq Vəd” əməliyyatları ilə İran yeni çəkindirmə reallıqları formalaşdırdı. Burada coğrafiya ilə ideya üst-üstə düşdü: regional cəbhələrdə fəaliyyət göstərən bir məkan və hegemonluğa qarşı çıxan siyasi düşüncə.
İran – geosiyasi düyün kimi
İran dünyanın ən həssas bölgələrindən birində yerləşir. Körfəz, Mərkəzi Asiya, Qafqaz, Oman dənizi və Hind okeanını birləşdirən bu coğrafiya onu qlobal enerji və ticarət sisteminin mərkəzinə çevirir. Xüsusilə Hörmüz boğazı İranın strateji əhəmiyyətini artırır: dünya neft ticarətinin təxminən beşdə biri bu boğazdan keçir.
Bu mövqe İrana yalnız regional deyil, qlobal təsir imkanı verir. Hər hansı qarşıdurma təkcə hərbi deyil, iqtisadi və enerji bazarları üçün də ağır nəticələr doğurur. Buna görə də İranı təcrid etmək və ya neytrallaşdırmaq Qərb üçün olduqca baha başa gələn strategiyadır.
Qərbin köhnə, lakin dəyişməyən baxışı
ABŞ bu coğrafi reallığı hələ 1970-ci illərdə dərk etmişdi. ABŞ-ın sabiq prezidenti Cimmi Karter 1977-ci ildə İranı “dünyanın ən gərgin bölgələrindən birində sabitlik adası” adlandırmışdı. İnqilabdan sonra münasibətlər köklü şəkildə dəyişsə də, İranın geosiyasi əhəmiyyəti Qərbin strateji baxışında dəyişməz qaldı.
İran rəhbərliyi də bu reallığı açıq şəkildə ifadə edir. Rəsmi Tehranın mövqeyinə görə, ABŞ-ın İrana qarşı davamlı təzyiqlərinin kökündə məhz bu ölkənin zəngin resursları və strateji mövqeyi dayanır.
İran ideya olaraq niyə təhlükəlidir?
Qərbin narahatlığı təkcə coğrafiya ilə bitmir. Əsas qorxu İranın təmsil etdiyi ideyadan qaynaqlanır. 1979-cu ildən sonra İran Qərb mərkəzli sistemdən kənarda suveren siyasi model qurdu. Bu model hərbi gücdən çox, müstəqillik və müqavimət ideyasına əsaslanır.
Qərb üçün təhlükəli olan İranın gücü deyil, bu gücün başqaları üçün nümunəyə çevrilə bilmə ehtimalıdır. Sanksiyalara, təzyiqlərə baxmayaraq ayaqda qalmaq, öz yolunu seçmək – məhz bu, mövcud beynəlxalq sistem üçün ciddi çağırışdır.
İdeyanın sərhədləri aşması
İran bu ideyanı zorla ixrac etmədən, regional əməkdaşlıq və ortaq maraqlar üzərindən yaymağı bacarıb. Nəticədə Qərb Asiyada çoxmərkəzli, çevik və davamlı bir “müqavimət oxu” formalaşıb. Bu struktur klassik hərbi ittifaqlardan fərqli olaraq, mərkəzdən idarə olunmur və bu da onu daha davamlı edir.
Nəticə: qorxunun mənbəyi nədir?
İran nə təkcə coğrafiyadır, nə də yalnız ideya. Qərbin əsas narahatlığı bu ikisinin birləşməsidir. Coğrafiya İrana hərəkət və təsir imkanları verir, ideya isə bu təsiri legitim və davamlı edir. Məhz bu sintez İranı regionda və qlobal miqyasda istisna aktora çevirir və Qərbin onu “təhlükə” kimi görməsinin əsas səbəbi də budur.
