Şəban ayının 15-ci Gecəsi – Nur və Bərəkət Gecəsi
Şəban ayının 15-ci gecəsi yaxınlaşır. Məhz bu mübarək gecənin sübh çağında bəşəriyyətin nicatvericisi, gözlənilən İmam Zaman (ə.f) dünyaya göz açmış və insanlığı varlığı ilə nurlandırmışdır. Şəban ayının 15-i öz şərəf və ucalığını bu mübarək mövluddan alsa da, onun əhəmiyyəti təkcə bu hadisə ilə məhdudlaşmır. Bu gecə möminlərin ibadət təqvimində də xüsusi və yüksək məqama malikdir. Məhz buna görə də Allah aşiqi olan möminlər Şəbanın 15-ci gecə və gününün fəzilətlərini fürsət bilərək mənəvi qazanc əldə etməyə, dünya və axirət səadətləri üçün azuqə toplamağa çalışırlar.
Şəban ayının yarısı gecəsinin dini məqamı
Şəban ayının 15-i bərəkətli və çox fəzilətli gecələrdəndir. Dini mənbələrdə bu gecə Qədr gecəsi ilə müqayisə olunur. Qədr gecəsi üçün deyilən bir çox savab və fəzilətlər Şəbanın 15-nə də aid edilir. Xüsusilə bu gecəni oyaq qalaraq ibadət etmək, Qurani-Kərim oxumaq rəvayətlərdə tövsiyə olunur.
Şiə və sünni mənbələrində nəql olunan rəvayətlərdə bu gecə və onun ardınca gələn günün ibadətlə keçirilməsinin böyük savab gətirdiyi qeyd olunur. Bu tövsiyələr simvolik mənada möminlərin “hicran gecəsini” ibadətlə keçirib “vüsal səhərinə” – yəni İmam Zamanın (ə.f) zühuruna hazırlaşmasını ifadə edir. İnsanın intizar halında olması yalnız sözlə deyil, əməl və mənəvi inkişafla təsdiqlənməlidir.
Şəban ayının 15-i barədə məşhur rəvayətlər
Rəvayətlərə görə, İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) hər il bu gecəni ibadətlə keçirər, səcdədən qalxmadan Allaha dua edərdi. Nəql edilir ki, bu gecə Peyğəmbər (s) Cəbrail tərəfindən Bəqi qəbiristanlığına dəvət olunmuş və ona belə xitab edilmişdir: “Başını qaldır! Bu gecə səmanın qapıları açılır, rəhmət, bağışlanma, ruzi və mərhəmət qapıları genişlənir. Allah bu gecə bəndələrini saysız-hesabsız günahlardan azad edir, ömür və ruziləri təqdir edir.”
Həzrət Əli (ə) də bu gecənin əhəmiyyəti barədə buyurmuşdur ki, il ərzində baş verəcək bütün hadisələr, xeyir və şər bu gecədə bölüşdürülür. Bu gecəni ibadətlə keçirən və xüsusi duaları oxuyan bəndənin duası qəbul olunur.
İmam Sadiq (ə) isə Şəban ayının yarısı gecəsini Əhli-beytə (ə) məxsus bir gecə adlandıraraq qeyd etmişdir ki, bu gecə edilən zikr və dualar insanın günahlarının bağışlanmasına və arzularının həyata keçməsinə səbəb olur.
Niyə bu gecə Qədr gecəsinə bərabər tutulur?
Bu sualın cavabında bildirir ki, İmam Məhəmməd Baqirin (ə) rəvayətinə əsasən, Qədr gecəsindən sonra ən fəzilətli gecə məhz Şəban ayının 15-ci gecəsidir. Bu gecə Allahın xüsusi lütf və mərhəməti bəndələrə şamil olunur.
Digər mühüm məqam isə bu gecədə İmam Zamanın (ə.f) dünyaya gəlməsidir. İmam (ə) Qurani-Kərimin canlı təcəssümü hesab olunur. Necə ki, Qədr gecəsi Qurani-Kərimin nazil olması ilə ucalıb, Şəban ayının yarısı gecəsi də İmamın mövludu ilə eyni dərəcədə fəzilət qazanıb. Qurani-Kərim və Əhli-beyt (ə) arasında ayrılmaz bağ olduğu üçün bu gecənin mənəvi dəyəri daha da artır.
Mövlud mərasimləri və mənəvi dərinlik
Bu günlərdə şəhər və kəndlərdə bayram əhval-ruhiyyəsi hökm sürür, küçələr işıqlandırılır, şirniyyatlar paylanır, ehsanlar verilir. Bütün bu zahiri sevinc elementləri ilə yanaşı, insanın öz daxilinə yönəlməsi, intizar və mədəhçilik anlayışını dərindən dərk etməsi də vacibdir.
Bu günlər İmam Zamanın (ə.f) zühuruna hazırlıq, mənəvi kamillik, günahlardan uzaq durmaq və Allaha yaxınlaşmaq üçün ən gözəl fürsətlərdən biridir. Mömin üçün əsl bayram, daxili saflaşma və ilahi dəyərlərlə vəhdət təşkil edən həyat tərzidir.
