Nigeriya Trampın Hədələrinə Cavab Verdi

2 Dəq Oxuma Müddəti

Nigeriyadan Trampa sərt cavab

Nigeriya hökuməti ABŞ prezidenti Donald Trampın ölkəyə hərbi müdaxilə ilə hədələməsinə cavab verib. Rəsmi Abuja bəyan edib ki, ABŞ-ın terrorçulara qarşı mübarizədə yardımını qəbul etməyə hazırdır, lakin bu yardım yalnız Nigeriyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində ola bilər.

Prezident Bola Tinubunun müşaviri Daniel Buvala “Reuters” agentliyinə açıqlamasında deyib: “Biz ABŞ-ın köməyini alqışlayırıq, amma bu, ölkəmizin ərazi bütövlüyünə hörmət prinsipi ilə həyata keçirilməlidir”. O əlavə edib ki, “iki lider bir araya gəldikdə, terrora qarşı mübarizədə ortaq məqsədlərə nail olunacağına əminik”.

Trampdan hərbi müdaxilə siqnalı

Donald Tramp bir gün əvvəl bəyan etmişdi ki, Nigeriyada “xristianların qətliamı” dayandırılmazsa, ABŞ Müdafiə Nazirliyinə ölkəyə qarşı “sürətli hərbi əməliyyat” planı hazırlamaq göstərişi verib. O, Nigeriya hökumətini “xristianlara qarşı zorakılığa göz yummada” ittiham edib.

Trampın sözlərinə görə, ABŞ Nigeriyada baş verənləri “dini zəmində zorakılıq” kimi qiymətləndirir və buna qarşı “sərt tədbirlər” görməyə hazırdır.

Nigeriya hökuməti iddiaları təkzib edir

Nigeriya rəsmiləri bu ittihamları əsassız adlandırıb. Rəsmi bəyanatda qeyd olunub ki, ölkədəki zorakılıqların dini yox, daha çox sosial və iqtisadi səbəbləri var.

Hökumət bildirir ki, Nigeriyada baş verən toqquşmalar müxtəlif etnik qruplar arasında torpaq və resurs bölgüsü ilə əlaqədardır və bu hadisələr “xristianlara qarşı sistematik zorakılıq” kimi təqdim edilə bilməz.

ABŞ-dan təzyiq siqnalları

ABŞ Müdafiə naziri Pit Hegseth də Nigeriyaya çağırış edərək “məsum xristianların qətlini dərhal dayandırmağa” səsləyib. O xəbərdarlıq edib ki, “əgər bu dəhşətli hadisələr davam edərsə, ABŞ hərəkətə keçəcək”.

Analitiklər hesab edirlər ki, Trampın açıqlamaları ABŞ-Nigeriya münasibətlərini gərginləşdirə bilər. Nigeriya isə beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkənin daxili işlərinə qarışılmamasını tələb edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş