Nevroloq: Vestibülyar Gimnastika Başgicəllənmənin Qarşısının Alınmasında Təsirli Üsuldur

2 Dəq Oxuma Müddəti

Başgicəllənmə (vertiqo) – hərəkət olmadığı halda, insanın ətrafı və ya özünü hərəkətdə hiss etməsidir. Bu hal iki qrupa bölünür: fiziolojipatoloji başgicəllənmələr. Fizioloji forma adətən yüksəkliyə qalxarkən, hərəkət edən obyektləri izləyərkən və ya uzun müddət fırlanarkən meydana çıxır. Patoloji başgicəllənmələr isə vestibülyar sistemin və onun mərkəzi sinir sistemi ilə əlaqələrinin zədələnməsi nəticəsində yaranır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Pərviz Axundov AZƏRTAC-a açıqlamasında bildirib ki, patoloji başgicəllənmələrin dörd tipi var və ən çox rast gəlinən sistemli başgicəllənmədir. Bu zaman pasiyent real hərəkət olmadan fırlanma hissi keçirir. Digər formalar lipotimiya, yeriş və tarazlıq pozuntuları, həmçinin psixogen başgicəllənmələrdir.

Mütəxəssis qeyd edib ki, tibbi yardıma müraciət edənlərin əksəriyyətində xoşxassəli paroksismal pozisyonal vertiqo (XPPV) diaqnozu qoyulur. Statistikaya görə, hər bir şəxsin həyatında bu vəziyyətin yaranma ehtimalı 10 faizdir. Başgicəllənmə adətən başın mövqeyi dəyişərkən müşahidə olunur və qısa müddət davam edir. Güclü tutmalar ürəkbulanma, tərləmə, təzyiqin dəyişməsi və qusma ilə müşayiət oluna bilər.

Pərviz Axundov bildirib ki, 2008-ci ildə Amerika Nevroloqlar Akademiyası tərəfindən qəbul olunmuş təlimatlara əsasən, XPPV dərmanla deyil, xüsusi manevrlərlə müalicə edilir. Ən çox tətbiq olunan üsul Epley manevridir. Bu metodla bir müalicədən sonra uğur göstəricisi 80 faizə çatır, təkrarlanan hallarda isə 92 faizə qədər yüksəlir.

Nevroloq əlavə edib ki, vestibülyar başgicəllənmələrin ikinci geniş yayılmış səbəbi Menyer xəstəliyidir. Bu xəstəlik başgicəllənmə, qulaqda küy, eşitmə itkisi və qulaqda dolğunluq hissi ilə xarakterizə olunur. Tutmalar bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər.

P.Axundovun sözlərinə görə, vestibülyar gimnastika başgicəllənmələrin aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyır:

“Bu gimnastika tarazlığı gücləndirməyə, hərəkətlərin koordinasiyasını bərpa etməyə, həyəcanı azaltmağa kömək edir. Ən əsası isə kəskin başgicəllənmədən dərhal sonra başlandıqda bərpanı sürətləndirir”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş