Netflix Warner Bros Discovery-ni almaq üçün rəsmi anlaşma imzaladı
Netflix və Warner Bros Discovery (WBD) birgə açıqlama yayaraq, Netflix-in WBD-ni hissə başına 27,75 dollar dəyərində, ümumilikdə 82,7 milyard dollar əməliyyat dəyəri ilə almaq üçün bağlayıcı razılaşmaya gəldiyini təsdiqləyib. Müqavilə həm nağd ödənişi, həm də Netflix səhmləri formasında kompensasiyanı əhatə edir.
Nağd ödəniş WBD-ni 72 milyard dollar dəyərində qiymətləndirir, şirkətin borcları nəzərə alındıqda isə ümumi satın alma məbləği 82,7 milyard dollara çatır. WBD səhmdarlarına əlavə olaraq 4,50 dollarlıq Netflix səhm ekvivalenti təqdim ediləcəyi bildirilib.
Müqaviləyə HBO Max və bütün studiyalar daxildir
Satın alma yalnız Warner Bros-un kino və televiziya studiyalarını deyil, həmçinin şirkətə məxsus HBO Max rəqəmsal platformasını da əhatə edir. Bu addım Netflix-in kontent gücünü dramatik şəkildə artıraraq rəqəmsal əyləncə sahəsində yeni güc balansı yarada bilər.
Əməliyyat 2026-cı ildə tamamlanacaq
Razılaşmanın qüvvəyə minməsi üçün antiinhisar qurumlarının təsdiqi tələb olunur. Tənzimləyici icazələr alındıqdan sonra satın alma prosesinin 2026-cı ilin üçüncü rübündə yekunlaşacağı gözlənilir.
450 milyon abonentlik nəhəng şirkət doğulur
Bu birləşmə tamamlandıqdan sonra Netflix və WBD birlikdə dünya üzrə təxminən 450 milyon abunəçiyə sahib olacaq. Ekspertlər bunun qlobal media sektorunda güc balansını dəyişdirəcəyini və yeni təkelləşmə müzakirələrini gücləndirəcəyini bildirir.
ABŞ rəsmilərindən bəziləri artıq Netflix-in rəqəmsal yayım bazarında “həddindən artıq güclü mövqeyə” sahib olacağından narahat olduqlarını açıqlayıblar.
WBD tarixinin ən böyük satışlarından biri
Tarixən Time Warner kimi tanınan WBD 2016-cı ildə AT&T tərəfindən 85 milyard dollara alınmış, daha sonra 2022-ci ildə Discovery Inc. ilə birləşmişdi. Şirkətin yüksək borc yükü bu satışın əsas motivasiyalarından biri kimi göstərilir.
Netflix-lə yanaşı, Paramount, Skydance, Comcast və hətta Səudiyyə Ərəbistanının PIF fondunun da WBD-ni almağa maraq göstərdiyi qeyd olunurdu.
