Sionist İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzanın müharibədən sonrakı gələcəyi ilə bağlı açıqlama verib. Netanyahu bildirib ki, “bölgəyə Türkiyə və Qətər hərbçiləri yerləşdirilməyəcək”.
Netanyahu, Qəzza zolağındakı son israilli əsir Ran Gvilinin cəsədinin dünən təhvil verilməsindən sonra bu gün İsrail Baş Nazirliyinin Əsir və İtkinlər üzrə Koordinatoru Qal Hirş ilə birgə mətbuat konfransı keçirib.
Netanyahu Qəzza zolağında diri və ya ölü olan bütün israilli əsirlərin geri qaytarılmasının tamamlandığını xatırladaraq, İsrailin İordaniya sərhədindən Aralıq dənizinə qədər olan ərazilərə nəzarət edəcəyini iddia edib.
O, “bölgəyə Türkiyə və Qətər əsgərlərinin yerləşdirilməyəcəyini və bu mərhələdə əsas diqqətin HƏMAS-ın silahsızlaşdırılmasına yönəldildiyini” irəli sürüb.
ABŞ Prezidenti Donald Trampın planına baxmayaraq, Netanyahu HƏMAS silahsızlaşdırılmadan və Qəzza tam şəkildə hərbsizləşdirilmədən yenidənqurma prosesinə icazə verməyəcəklərini, bunu isə “ya asan, ya da çətin yolla” təmin edəcəklərini bildirib.
Sionist İsrailin Baş naziri müharibənin müəyyən mərhələsində sursatlarının tükəndiyini, əsgərlərinin sursat çatışmazlığı səbəbindən həyatını itirdiyini iddia edərək, qismən tətbiq edilən embarqoya görə ABŞ-nin keçmiş prezidenti Co Baydeni və onun administrasiyasını ittiham edib.
Səudiyyə Ərəbistanı ilə normallaşma məsələsi ilə bağlı sualı cavablandıran Netanyahu, Ər-Riyad rəhbərliyinin Qətər və Türkiyə ilə yaxınlaşmasını izlədiklərini bildirərək, “Səudiyyə Ərəbistanının güclü bir İsrail istəməsi şərti ilə bu ölkə ilə razılaşmaya nail olmağı arzuladıqlarını” iddia edib
