Netanyahu Şarm əl-Şeyx Sammitinə Qatılmaqdan İmtina Etdi

2 Dəq Oxuma Müddəti

Netanyahu-nun sammitdən imtinasının səbəbi açıqlandı

İsrailin “İsrail Hayom” qəzeti xəbər verir ki, işğalçı rejimin baş naziri Benyamin Netanyahu bu gün Misirin Şarm əl-Şeyx şəhərində keçirilən sammitdə iştirakını ləğv edib. Qəzetin məlumatına görə, Netanyahu qərarını bəzi iştirakçı ölkələrin onun sammitdə iştirakına qarşı çıxması ilə əsaslandırıb.

Sammitin Qəzza məsələsinə həsr olunduğu bildirilir. İsrail mediasının məlumatına əsasən, baş nazir daha əvvəl sammitdə iştirak etməyəcəyini “bayram səbəbi ilə” açıqlamışdı. Lakin sonradan bəlli olub ki, bu bəhanə əsl səbəbi gizlətmək məqsədi daşıyır.

Trampın dəvəti və Misirin açıqlaması

Netanyahunun ofisi daha əvvəl ABŞ Prezidenti Donald Trampdan dəvət aldığını təsdiqləmişdi. Misir Prezident Administrasiyası isə bir neçə gün əvvəl prezident Əbdülfəttah əs-Sisinin Tramp ilə telefon danışığı zamanı Netanyahu ilə bağlı iştirak məsələsinin razılaşdırıldığını açıqlamışdı.

Bu məlumatdan sonra Netanyahu-nun sammitdə iştirak edəcəyi gözlənilirdi, lakin “İsrail Hayom”un açıqladığı yeni məlumatlar onun qərarını dəyişdiyini göstərir.

İraqdan sərt reaksiya

Əlavə olaraq, “Əl-Meyadin” telekanalına danışan İraq mənbələri bildiriblər ki, əgər Netanyahu sammitə qatılarsa, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani tədbirdən dərhal çəkiləcəkdi. Bu açıqlama regionda siyasi gərginliyin dərəcəsini bir daha ortaya qoyub.

Sammitin məqsədi və iştirakçılar

Bu gün Misirdə keçirilən Şarm əl-Şeyx Sülh Sammitinə prezident Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Tramp həmsədrlik edirlər. Tədbirə dünyanın müxtəlif bölgələrindən 30-dan çox dövlət və beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

Sammitin əsas mövzusu Qəzzadakı humanitar vəziyyət, regional sabitlik və atəşkəs təşəbbüslərinin müzakirəsi olacaq.

Netanyahunun tədbirdən imtinası, İsrailin regionda diplomatik təcridinin daha da dərinləşdiyinə dair yeni siqnal kimi qiymətləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş