Nepalda Xalqın Böyük Qələbəsi: Baş Nazir Devrildi, Parlament Alova Büründü

2 Dəq Oxuma Müddəti

Nepalda xalq ayağa qalxdı

Nepalda son günlərdə böyüyən hökumət əleyhinə etirazlar ölkənin siyasi həyatında dönüş nöqtəsi oldu. Katmanduda başlayan aksiyalar qısa müddətdə bütün ölkəyə yayıldı və nəticədə baş nazir Xadqa Prasad Şarma Oli ordunun təzyiqi altında istefa verməyə məcbur oldu.

Etirazların fitilini, sosial şəbəkələrin bloklanması, korrupsiya ittihamları və hökumət daxilindəki qohumbazlıq iddiaları alovlandırdı. Xalq, “Nepo Kids” adlandırılan korrupsiyaya bulaşmış siyasətçi övladlarının dəbdəbəli həyat tərzini sərgiləməsinə qarşı hiddətini açıq şəkildə ortaya qoydu.

Parlament və villalar yandırıldı

Baş nazirin istefasından dərhal sonra minlərlə etirazçı Katmandudakı parlament binasına daxil olaraq onu alovlandırdı. Parlament katibliyinin sözçüsü Ekram Giri hadisəni təsdiqləyərək yüzlərlə insanın bina ərazisinə girdiyini bildirdi.

Etirazçıların hədəfi yalnız parlamentlə məhdudlaşmadı. İctimai qəzəbin artması ilə siyasətçilərin və nazirlərin villaları da yandırıldı. Xalqın hədəfində korrupsiyada adı hallanan məmurlar və onların ailələri oldu.

Qanlı toqquşmalar

Protestoların ilk günündə polis və nümayişçilər arasında şiddətli toqquşmalar yaşandı. Katmandu və digər şəhərlərdə ən azı 19 nəfərin polis gülləsindən öldüyü bildirildi. Sonrakı günlərdə də ölənlərin sayı artdı, yüzdən çox insan isə müxtəlif xəsarətlər aldı.

Polis barikatlarını aşaraq parlament binasına girən etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma davam etdi. Buna baxmayaraq, hökumət etirazların qarşısını ala bilmədi və baş nazir istefa vermək məcburiyyətində qaldı.

Sosial şəbəkələrin rolu

Etirazların mərkəzində gənclər dayanırdı. “Biz Nepal’iz” (Hami Nepal) təşkilatının çağırışı ilə küçələrə çıxan gənclər, korrupsiya və sosial ədalətsizliyə qarşı səsini ucaltdı. Sosial şəbəkələrdə #NepoKids həştəqi qısa müddətdə trendə çevrildi və ölkənin gəlir bərabərsizliyi mövzusunu gündəmə daşıdı.

Sosial media qadağasının qaldırılması etirazçıların əsas tələblərindən biri idi. Lakin xalq üçün bu, artıq sadəcə başlanğıc idi – onların əsas hədəfi korrupsiya bataqlığında boğulan siyasi sistemi dəyişdirmək idi.

Yeni mərhələ başlayır

Baş nazirin istefası və parlamentin alova verilməsi Nepalda siyasi böhranın dərinləşdiyini göstərir. Etirazçılar yalnız hakimiyyət dəyişikliyi ilə kifayətlənmir, həm də ədalət və şəffaflıq tələb edirlər.

Xalqın qəzəbi göstərdi ki, artıq heç bir güc onları sükuta məcbur edə bilməz. Nepalda “xalqın gözəl qələbəsi” kimi qiymətləndirilən bu hadisələr, ölkənin gələcək siyasi xəritəsini köklü şəkildə dəyişə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş