Venesuela Müvəqqəti Dövlət Prezidenti Delsi Rodriges ölkənin neft satışından 300 milyon dollar gəlir əldə etdiyini açıqlayıb — lakin bu “qazanc” Vaşinqtonun Venesuela neftini nəzarət altına almaq və onu öz maraqları istiqamətində yönəltmək siyasətinin bir yan məhsulu kimi qiymətləndirilir.
Paytaxt Karakasda verdiyi açıqlamada Rodriges bildirib ki, ABŞ tərəfindən Venesueladan alınan 500 milyon dollarlıq neftin ilk tranşından 300 milyon dollar Venesuela Mərkəzi Bankına çatıb. Qeyd olunub ki, bu vəsait valyuta bazarını gücləndirmək və iqtisadi sabitliyi təmin etmək üçün istifadə ediləcək.
Bununla yanaşı, sözügedən neft satışından əldə olunan gəlirin böyük hissəsinin ABŞ-ın nəzarətində olan hesablarda saxlanıldığı və Vaşinqtonun neft gəlirləri üzərindəki nəzarətini artırdığına dair məlumatlar diqqət çəkir. ABŞ-ın neft satışından əldə edilən gəliri idarə etməsi tənqidçilər tərəfindən “genişlənməyə yönəlik talan siyasəti”nin bir hissəsi kimi dəyərləndirilir; çünki neft resursları ABŞ-ın geosiyasi hədəfləri doğrultusunda istifadə olunur.
Bu inkişaf ABŞ-ın Venesuelaya yönəlik enerji siyasətinin qlobal bazarlarda əsasən öz iqtisadi maraqlarını qoruduğunu və Latın Amerikasındakı resursları dolayı yollarla nəzarətdə saxlamaq strategiyasını əks etdirdiyi barədə şərhlərə səbəb olub. Tənqidlər, gəlirin real mənada Venesuela xalqı deyil, ABŞ maraqları üçün istifadə oluna biləcəyi üzərində cəmlənir.
