“Neftçi”dən möhtəşəm oyun və 5 qol
Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün “Neftçi” “Palms Sports Arena”da “Kəpəz”i qəbul edib. Paytaxt klubu rəqibini 5:1 hesabı ilə darmadağın edib və mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanıb.
Oyunun hesabını 18-ci dəqiqədə Emin Mahmudov penalti ilə açıb. Beş dəqiqə sonra Vensan Abubakar fərqi iki topa yüksəldib. İkinci hissədə Bassala Sambu (73 və 87-ci dəqiqələr) dubla imza atıb, Freddi Varqas isə 90+1-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib. Qonaqların yeganə qolunu Sadiq Şəfiyev vurub.
Bu qələbədən sonra “Neftçi” turnir cədvəlində iki pillə irəliləyərək 6-cı yerə yüksəlib. “Kəpəz” isə 3 xalla hələ də sonuncu pillədə qərarlaşıb.
“Zirə” Şamaxıda geridönüş etdi
Günün digər qarşılaşması Şamaxı şəhər stadionunda keçirilib. “Karvan-Yevlax” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Yevlax təmsilçisi iki dəfə önə keçsə də, matçın son dəqiqələrində “Zirə” 3:2 hesablı qələbə qazanmağı bacarıb.
“Karvan-Yevlax”ın qollarını İ.Barker (29) və K.Spensi (62) vurub. “Zirə”nin heyətində B.Konate (57), L.Mikels (74) və A.Qomis (87) fərqləniblər.
Bu nəticədən sonra “Zirə” 19 xal toplayaraq ikinci pillədə yer alıb. Yalnız 5 xalı olan “Karvan-Yevlax” isə 11-ci yerdə qalıb.
10-cu turun digər oyunları
2 noyabrda:
-
“Turan Tovuz” – “Şamaxı” (16:00)
-
“Sumqayıt” – “Araz-Naxçıvan” (18:30)
3 noyabrda:
-
“Sabah” – “Qəbələ” (19:30)
31 oktyabrda oynanılan görüşdə isə “Qarabağ” “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasının 10-cu turu bazar ertəsi yekunlaşacaq.
