Neft Azalır, Dövlət Qurumlarına Nəzarət Sərtləşir

3 Dəq Oxuma Müddəti

Maliyyə Nazirliyindən yeni nəzarət mexanizmi

Maliyyə Nazirliyi aprel ayından etibarən dövlət şirkətləri və publik hüquqi şəxslər üzərində büdcə nəzarətini sərtləşdirəcəyini açıqlayıb. Qurumun yaydığı məlumata görə, Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi bu prosesə birbaşa nəzarət edəcək.

Agentlik dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələrini, maliyyə proqnozlarını və icra göstəricilərini mütəmadi şəkildə monitorinq edəcək. Kollegiya qərarı ilə təsdiqlənmiş yeni hesabat formalarına əsasən, qurumlar aylıq və rüblük maliyyə hesabatlarını, eləcə də illik proqnozlarını Nazirliyə təqdim etməlidirlər.

Fiskal risklər və səmərəlilik təhlili

Rəsmi məlumata əsasən, təqdim olunan sənədlər əsasında dövlət müəssisələrinin büdcə parametrləri, xərclərin funksional bölgüsü və maliyyə göstəriciləri təhlil ediləcək. Eyni zamanda beynəlxalq maliyyə institutlarının qabaqcıl qiymətləndirmə alətləri tətbiq olunacaq.

Monitorinq zamanı aşkarlanan fiskal risklərin digər dövlət müəssisələrinə, dövlət büdcəsinə, büdcədənkənar fondlara və dövlət borcuna mümkün təsirləri də qiymətləndiriləcək. Nazirlik bu təhlillərin nəticələri barədə rübdə bir dəfə dövlət başçısına hesabat təqdim edəcək.

Rəsmi açıqlamada məqsədin dövlət müəssisələrində mənfəətliliyin artırılması, hesabatlılığın gücləndirilməsi və büdcə vəsaitlərindən asılılığın azaldılması olduğu vurğulanır.

Struktur islahatları sürətlənir

Ölkədə fəaliyyət göstərən publik hüquqi şəxslərin dəqiq sayı ilə bağlı açıq statistika olmasa da, mediada yayılan məlumatlara görə onların sayı 400-ə yaxındır. Onların bir hissəsi agentliklər, fondlar və mərkəzlər, digərləri isə dövlət universitetləri, kolleclər və xəstəxanalardır.

Son sərəncamlara əsasən bir sıra qurumlar ləğv edilərək birləşdirilib. Kənd Təsərrüfatı Nazirliyinə tabe olan 8 elmi-tədqiqat institutu ləğv edilərək 3 yeni qurum yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərinin bazasında isə məhdud məsuliyyətli cəmiyyət formalaşdırılıb.

Eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan 3 publik hüquqi şəxs birləşdirilib. Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə qoşulub, Beynəlxalq Multikulturalizm Mərkəzi isə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tabeliyinə verilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə AZPROMO birləşdirilərək yeni vahid qurum yaradılıb. Beləliklə, 16 qurumun bazasında 8 yeni struktur formalaşdırılıb.

İxtisarlar və maliyyə çətinlikləri

Məlumatlara görə, bəzi publik hüquqi şəxslərin 2026-cı il üzrə büdcə vəsaitləri dayandırılıb, əməkhaqlarının ödənilməsində gecikmələr yaranıb. Ləğv edilən qurumlarda yüzlərlə işçinin ixtisara düşdüyü bildirilir. Prosesin davam edəcəyi və ləğv ediləcək qurumların sayının artacağı ehtimal olunur.

Dövlətə məxsus iri şirkətlər – o cümlədən hava nəqliyyatı, dəmir yolu və enerji sektorunda fəaliyyət göstərən müəssisələr – uzun illərdir zərərlə işləməkdədir. Bu şirkətlərin borc yükünün dövlət büdcəsinə təsiri artmaqdadır.

Neft gəlirlərinin azalması fonunda qənaət rejimi

2026-cı ildə büdcə gəlirlərində azalma risklərinin olduğu barədə proqnozlar hökuməti daha sərt maliyyə intizamı tətbiq etməyə vadar edir. Neft gəlirlərinin azalması fonunda xərclərin optimallaşdırılması və struktur islahatlarının dərinləşdirilməsi əsas prioritet kimi təqdim olunur.

Uzun illər iqtisadiyyatın resurs asılılığı ilə bağlı səsləndirilən xəbərdarlıqların fonunda hazırda həyata keçirilən dəyişikliklər yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Lakin tətbiq edilən nəzarət mexanizmlərinin və islahatların real nəticələrinin nə dərəcədə effektiv olacağını zaman göstərəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş