Nazirin Oğlu “Məktəbli Avtobusu” Biznesinə Başlayıb

2 Dəq Oxuma Müddəti

Bakıda “2School” məktəbli avtobusu layihəsinə start verildi

Oktyabrın 1-dən etibarən Bakıda “2School” adlı “məktəbli avtobusu” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 nömrəli məktəblərin şagirdləri üçün xüsusi nəqliyyat xidməti göstəriləcək.

Rəsmi məlumata görə, ümumilikdə 1200-ə yaxın şagirdin bu xidmətdən yararlanması planlaşdırılır. Şagirdlər hər səhər evlərindən götürülərək dərsdən sonra evlərinə qaytarılır.

Qiymətlər sosial narazılıq yaradıb

Layihə ictimaiyyətdə qiymətlərin yüksək olması səbəbilə tənqid olunub. İlkin məlumatlara əsasən, “2School”da aylıq abunə haqqı 100 manatdan başlasa da, bəzi istiqamətlərdə 250 manata qədər yüksəlir.

Məsələn, Xırdalan şəhərindən 132-134 nömrəli məktəblərə gediş-gəliş 240 manat, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindən həmin məktəblərə daşınma isə 168 manat təşkil edir.

Bu, Xırdalanda yaşayan bir şagird üçün gündəlik 12 manat, Yasamalda yaşayan üçün isə 8,4 manat yol xərci deməkdir.

Layihə rəhbərliyi bildirib ki, qazi və şəhid ailələrinə, eləcə də ailəsində bir neçə uşaq olanlara endirimlər tətbiq ediləcək.

Layihənin arxasında nazir oğlu dayanır

“2School” layihəsi SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio” startapı kimi təqdim olunur. Mərkəzin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.

Rəhim Bayramlı 2021-ci ildə Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu nəzdində yaradılmış “Sabah.lab” MMC-nin də icraçı direktorudur. O, müxtəlif innovativ startapların təşəbbüskarı kimi tanınır.

Layihənin dövlət strukturları ilə əlaqəsi barədə yayılan məlumatlar ictimaiyyətdə müzakirələr doğurub. Bəzi mənbələr “2School”un dövlət dəstəyi ilə yaradıldığını iddia etsə də, SABAH.HUB Mərkəzi açıqlama yayaraq layihənin onlara aid olmadığını bildirib.

Bununla belə, layihənin təsisçisi kimi göstərilən Mustafa Hüseynov “2School”un SABAH studio-nun startapı olduğunu və hazırda pilot mərhələdə sınaqdan keçirildiyini təsdiqləyib.

Ekspertlərdən tənqid: “Qiymətlər ailələr üçün ağırdır”

Təhsil eksperti Elşən Qafarov “Gununsesi” portalına açıqlamasında qeyd edib ki, müəyyən olunan qiymətlər orta gəlirli ailələrin büdcəsinə uyğun deyil:

“Avtobus xidmətləri kommersiya maraqları ilə həyata keçirilirsə, bu, sosial layihə ola bilməz. Məktəbli nəqliyyatı ailələrin üzərinə əlavə yük gətirir. Layihənin şəffaf şəkildə, sosial yönümlü əsasda həyata keçirilməsi vacibdir.”

Ekspertin fikrincə, bu cür təşəbbüslər dövlət nəzarətində və ailələrin maddi vəziyyəti nəzərə alınmaqla tənzimlənməlidir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş