NATO ilə Rusiya arasında yeni gərginlik: Estoniya iddiaları və Moskvanın cavabı
BMT Təhlükəsizlik Şurasında çıxış edən Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuper, Estoniya hava məkanının Rusiya tərəfindən pozulduğu iddiası ilə bağlı sərt açıqlama verib. O, NATO üzvlərinin ərazilərinin müdafiəsi üçün hər cür addım atılacağını deyib.
Londonun xəbərdarlığı
Kuper bildirib:
“Biz NATO-nun hava məkanını və torpaqlarını müdafiə etməyə hazırıq. Əgər lazımdırsa, icazəsiz daxil olan təyyarələrə qarşı tədbir görəcəyik.”
Nazirin sözlərinə görə, Moskvanın bu addımı birbaşa hərbi toqquşma riskini artırır.
Moskvanın cavabı
Kreml sözçüsü Dmitri Peskov isə Estoniya rəsmilərinin ittihamlarını əsassız adlandırıb:
“Bu ilk deyil. Baltik ölkələri dəfələrlə oxşar iddialarla çıxış edib. Bunların hamısı siyasi məqsədlərə xidmət edir.”
BMT-də Rusiyanın daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə Estoniyanın iddialarını “rusofob isterika” kimi qiymətləndirərək, heç bir sübut təqdim olunmadığını bildirib.
Baltik ölkələrinin mövqeyi
Estoniya diplomatı Yoonatan Vasoyov ölkəsinin “inkarolunmaz sübutlara” sahib olduğunu desə də, həmin sübutların detalları açıqlanmayıb. Bundan öncə Estoniya XİN üç Rusiya MiQ-31 təyyarəsinin hava məkanına daxil olduğunu iddia etmişdi.
Baltik ölkələrinin sərt mövqeyi ABŞ və Avropa İttifaqında da müzakirələrə səbəb olub. Financial Times yazır ki, Vaşinqtonda bəzi rəsmilər bu siyasəti “təhlükəli dərəcədə aqressiv” adlandırır.
Varşavanın sərt açıqlaması
Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT-dəki çıxışında, Rusiya təyyarələrinin Polşa hava məkanına daxil olması halında onların vurulacağını bəyan edib:
“Əgər bir raket və ya təyyarə icazəsiz şəkildə ərazimizə girərsə, vurulacaq. Heç kim şikayət etməsin.”
Diplomatik kontekst
Bu gərginlik NATO ilə Rusiya arasında Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda baş verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Nyu-Yorkda çıxış edərək, Ukrayna böhranının tezliklə bitməyəcəyinə şübhə etdiyini bildirib və NATO-ya Ankara modelindən istifadə etməyi tövsiyə edib.