NATO-dan Şərq cinahında yeni təşəbbüs
NATO Baş katibi Mark Rutte, Polşanın hava ərazisinin Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulmasından sonra müttəfiq ölkələrlə birlikdə “Eastern Sentry” (Şərq Gözətçisi) adlanan yeni müdafiə mexanizmini işə saldıqlarını bəyan edib.
Brüsseldə, Avropa Müttəfiq Ali Komandanı (SACEUR) Orgeneral Aleksus Qrinkeviçlə birgə mətbuat konfransı keçirən Rutte, Rusiyanın son zamanlarda NATO-nun şərq sərhədlərinə qarşı təxribatçı hərəkətlərini diqqətə çatdırdı.
Onun sözlərinə görə, 9 sentyabrı 10 sentyabra bağlayan gecə Polşanın hava məkanına daxil olan Rus PUA-ları Polşa və NATO qüvvələri tərəfindən cavab atəşi ilə qarşılanıb:
“Bu, təsadüfi bir hadisə deyildi. Rusiyanın şərq cinahımıza yönəlmiş hücumlarında artan bir laqeydlik müşahidə edirik. Rumıniya, Estoniya, Latviya və Litvanın hava məkanına da oxşar müdaxilələr olub. Bu, istər məqsədli, istərsə də təsadüfi olsun, təhlükəli və qəbuledilməzdir.”
“Eastern Sentry” əməliyyatı başlayır
Baş katib bildirib ki, NATO-nun qurucu müqaviləsinin 4-cü maddəsi çərçivəsində hadisə müttəfiqlərlə müzakirə edilib və nəticədə yeni təşəbbüs qərara alınıb:
“NATO şərq cinahımızda mövqeyimizi daha da gücləndirmək üçün “Eastern Sentry”ni işə salır. Yaxın günlərdə başlayacaq hərbi fəaliyyət Danimarka, Fransa, Böyük Britaniya, Almaniya və digər müttəfiqlərin qoşulacağı genişmiqyaslı əməliyyatı əhatə edəcək. Bu təşəbbüs təkcə ənənəvi hərbi imkanları deyil, həm də PUA-ların yaratdığı xüsusi təhlükələrə qarşı mübarizə mexanizmlərini özündə birləşdirəcək.”
Yeni müdafiə strategiyası
Orgeneral Qrinkeviç isə bu proqramı “tamamilə yeni müdafiə modeli” kimi təqdim edib:
“Əvvəllər şərq cinahında müxtəlif nöqtələrdə ayrı-ayrı hava patrulları və yerüstü müdafiə sistemləri yerləşdirirdik. İndi isə daha inteqrasiya olunmuş yanaşma tətbiq olunacaq. Bu sayədə boşluqlar bağlanacaq, ehtiyac yaranan anda qüvvələrimiz müəyyən hədəflərə yönəldiləcək və bütün şərq cinahında daha effektiv rabitə qurulacaq.”
Polşa hava ərazisinin pozulması
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı 10 sentyabrda verdiyi açıqlamada, Ukraynaya qarşı hücumlar zamanı ölkənin hava məkanında “misilsiz” pozuntuların baş verdiyini bildirmişdi.
Polşa rəsmiləri dəfələrlə Rus PUA-larını vurduqlarını təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi isə Polşa ərazisində heç bir hədəfin vurulmadığını açıqlayaraq, Varşava ilə bu məsələni müzakirəyə hazır olduqlarını bəyan edib.