Pentaqonun NATO daxilində ABŞ hərbi varlığını azaltmaq qərarı, alyansın gələcəyi ilə bağlı ciddi suallar doğurub. Washington Post qəzetinin yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi NATO-nun məsləhət və təlim strukturlarında çalışan amerikalı personalın sayını mərhələli şəkildə azaltmağı planlaşdırır.
Bu çərçivədə təxminən 200 ABŞ hərbçisinin vəzifəsini tərk etməsi gözlənilir. Xüsusilə NATO-nun onurğa sütunu hesab edilən 30 Mükəmməllik Mərkəzi hədəfə alınıb. Bu mərkəzlər NATO ordularının döyüş doktrinaları, təlim standartları və əməliyyat hazırlığında mühüm rol oynayır.
Pentaqonun planı qəfil geri çəkilmə deyil, vəzifə müddəti başa çatan personalın yerinə yeni təyinatların edilməməsi formasında həyata keçiriləcək. Lakin mütəxəssislər bu üsulun “səssiz geri çəkilmə” mənasına gəldiyini və ABŞ-ın NATO daxilindəki təsirini şüurlu şəkildə azaltdığını bildirirlər.
ABŞ-ın bu addımı NATO daxilində güc balansını sarsıda biləcək bir inkişaf kimi qiymətləndirilir. Son illərdə artan büdcə təzyiqləri, Ukrayna müharibəsindən sonra yaranan yük və Vaşinqtonun Asiya–Sakit okean bölgəsinə yönəlmə strategiyası Avropadakı hərbi prioritetlərin arxa plana keçməsinə səbəb olur.
Analitiklərə görə bu proses NATO-nun ABŞ-sız ayaqda qalma qabiliyyətini yenidən gündəmə gətirir və Avropa ölkələrini daha çox hərbi və maliyyə məsuliyyəti üzərinə götürməyə məcbur edə bilər. Lakin bir çox ekspert ABŞ-ın geri çəkilməsinin alyansı zəiflədəcəyini və NATO daxilində parçalanma meylini sürətləndirəcəyini düşünür.
İndi diqqətlər bu suala yönəlib:
ABŞ-ın addım-addım geri çəkildiyi bir NATO əvvəlki gücünü qoruya bilərmi?
Yoxsa bu qərar alyansın dağılma prosesinin başlanğıcıdırmı?
