Məscidül-Əqsada girişlər altıncı gündə davam edir
Qüdsdə Məscidül-Əqsa kompleksinə sionist yəhudilərin qrup halında girişləri cümə axşamı da davam edib.
Qüds qubernatorluğunun yaydığı məlumata görə, Sukkot bayramının altıncı günündə işğalçı İsrail polisinin gücləndirilmiş təhlükəsizlik tədbirləri altında müxtəlif qruplar kompleksin ərazisinə daxil olublar.
Qubernatorluq bayram günlərində Məscidül-Əqsa ərazisində açıq dini ayinlərin keçirilməsinin də artdığını bildirib.
Açıqlamada kompleksin şərq hissəsində qrup halında duaların edildiyi, dini nəğmələrin oxunduğu və Sukkotla əlaqəli ayinlərin keçirildiyi bildirilir.
Qüds qubernatorluğu eyni zamanda müsəlmanların kompleksə girişinə müəyyən vaxtlarda məhdudiyyətlərin tətbiq edildiyini bildirib.
Yollarda məhdudiyyətlər tətbiq olundu
Qüds qubernatorluğunun məlumatına görə, işğalçı İsrail təhlükəsizlik qüvvələri Əsbat qapısı istiqamətindəki yolu və Silvan məhəlləsinə aparan yollardan birinin girişini müvəqqəti bağlayıb.
Fələstin tərəfi bu tədbirlərin yəhudi ziyarətçilərin Qərb divarı ərazisinə təhlükəsiz keçidini təmin etmək məqsədilə həyata keçirildiyini bildirir.
İşğalçı İsrail polisi isə Sukkot dövründə Qüdsün İçərişəhər hissəsində və dini məkanların ətrafında geniş təhlükəsizlik tədbirlərinin tətbiq olunduğunu iddia edib.
Keçmiş deputatın görüntüləri yayıldı
Hadisələr fonunda işğalçı İsrail parlamentinin keçmiş üzvü Moşe Feyqlinin Məscidül-Əqsa kompleksinin şərq hissəsində Sukkot bayramına aid dini ayinlərdən birini yerinə yetirdiyini göstərən görüntülər də yayılıb.
Sözügedən ayində sitron meyvəsi, xurma budağı və digər bitkilərdən istifadə olunur. Bunlar yəhudilikdə Sukkot bayramı ilə əlaqəli ənənəvi dini rəmzlər hesab edilir.
Fələstin rəsmiləri kompleks daxilində bu cür açıq dini ayinlərin keçirilməsini mövcud qaydaların dəyişdirilməsi cəhdi kimi qiymətləndirirlər.
Bir gündə 966 nəfərin daxil olduğu bildirilir
Qüds qubernatorluğunun açıqlamasına əsasən, çərşənbə axşamı 966 işğalçı yəhudi ziyarətçi Məğaribə qapısından Məscidül-Əqsa kompleksinə daxil olub.
Məscidül-Əqsa müsəlmanlar üçün İslamın ən müqəddəs məkanlarından biridir. Eyni ərazi yəhudilikdə Məbəd dağı kimi tanınır və yəhudilər üçün də ən müqəddəs dini məkan hesab olunur.
