Karakasdan açıqlama
Venesuelanın paytaxtı Karakasdakı etibarlı mənbələr şənbə günü bildiriblər ki, Venesuela Prezidenti Nicolás Maduro tam təhlükəsiz vəziyyətdədir və ölkədə baş verən prosesləri birbaşa özü idarə edir. Mənbələrin sözlərinə görə, ölkə daxilində ümumi vəziyyət “yaxşı və möhkəm” olaraq qalır, dövlət institutları fəaliyyətini davam etdirir.
Qeyd olunub ki, təhlükəsizlik strukturları və dövlət qurumları arasında koordinasiya tam şəkildə təmin edilib və hər hansı daxili xaosdan söhbət getmir.
ABŞ-nin Venesuelaya hava hücumları
Karakas və digər bölgələr hədəf alınıb
Bu açıqlamalar ABŞ-nin səhər saatlarında Venesuelaya qarşı həyata keçirdiyi hərbi hücumlar fonunda səsləndirilib. Yerli mənbələr Karakasda güclü partlayış səslərinin eşidildiyini, paytaxt səmasında isə hərbi aviasiyanın intensiv uçuşlar həyata keçirdiyini bildirib.
“Əl-Məyadin”in Karakasdakı müxbiri hücumlardan birinin hava limanı yaxınlığında yerləşən La Quayra bölgəsini hədəf aldığını qeyd edib. Onun sözlərinə görə, hava zərbələri yalnız paytaxtla məhdudlaşmayıb, ölkənin digər ərazilərinə də yayılıb. Hücuma məruz qalan bölgələr arasında Neqoroti sahilyanı ərazisinin də olduğu bildirilir.
Liman şəhərində partlayışlar
Venesuela mediası Varqas ştatında yerləşən və ölkənin ən böyük dəniz limanı sayılan La Quayra limanında partlayışların baş verdiyini xəbər verib. Hadisə nəticəsində liman ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Beynəlxalq Reuters agentliyi isə Karakasın cənubunda hərbi baza yaxınlığında elektrik enerjisinin kəsildiyini yazıb. Agentlik həmçinin ABŞ rəsmisinə istinadla Vaşinqtonun Venesuela daxilində zərbələr endirdiyini təsdiqlədiyini bildirib.
Trampın təhdidləri və eskalasiya
Baş verən partlayışlar ABŞ prezidenti Donald Trumpın son açıqlamalarından sonra qeydə alınıb. Tramp Karib hövzəsində ABŞ hərbi donanmasının yerləşdirildiyini bildirərək, Venesuelaya qarşı quru əməliyyatlarının da mümkünlüyünü istisna etməyib və “Prezident Maduronun hakimiyyətdə günlərinin sayılı olduğunu” iddia edib.
Karakasın mövqeyi: “Məqsəd neftdir”
Vaşinqton hücumları “narkotik ticarətinə qarşı mübarizə” ilə əsaslandırsa da, Venesuela hakimiyyəti bu iddiaları rədd edir. Rəsmi Karakas bildirir ki, ABŞ-nin əsas məqsədi ölkənin sərvətlərini talan etmək və hakimiyyət dəyişikliyinə nail olmaqdır.
Prezident Nikolas Maduro ABŞ-nin Venesuelaya məxsus neft tankerini müsadirə etməsini xatırladaraq belə demişdi: “Maska düşdü. Məsələ narkotik deyil, oğurlamaq istədikləri neftdir”.
