Vəfa Müqavimət Bloku: “Livan xalqı düşmənin əlini dayandırmaq üçün bütün hüquqlara sahibdir”
Livan Parlamentində təmsil olunan Vəfa Müqavimət Bloku növbəti iclasından sonra yaydığı bəyanatda İsrail təcavüzünün bir ildir fasiləsiz davam etdiyini və Livanın suverenliyinin açıq şəkildə pozulduğunu bildirib. Bəyanata görə, Livan və onun xalqı təhlükəsizliyi təmin etmək üçün “düşmənin əlini dayandıracaq hər bir addımı atmaq” hüququna malikdir.
Blok qeyd edib ki, beynəlxalq ictimaiyyət İsrailin Livana yönəlmiş hücumlarını pisləmədiyinə görə həm siyasi, həm də hüquqi məsuliyyət daşıyır. Xatırladılıb ki, Livan BMT-nin təsisçi dövlətlərindən biridir və beynəlxalq qurumlar ölkənin təhlükəsizliyini təmin etmək öhdəliyinə malikdir.
“İsrail bir ildir atəşkəsə əməl etmir”
Bəyanatda vurğulanır ki, İsrail atəşkəs razılaşmasına bir ildir əməl etmir və bu proses “ABŞ-ın davamlı siyasi himayəsi” altında davam edir. Qeyd olunub ki, Livan xalqı və müqavimət qüvvələri milli maraqlara uyğun şəkildə öhdəliklərinə sadiq qalsa da, işğalçı tərəf təcavüzlərini artırmaqda davam edir.
Blok bəzi siyasi qrupların İsrailin hücumlarını “qabaqlayıcı zərbə” kimi əsaslandırmasını qınayaraq bunu məntiqsiz, əsassız və təhrifedici yanaşma adlandırıb.
Cənub bölgəsinə hücum və şəhid edilən rəhbərlər
Bəyanatda İsrailin Beyrutun cənub bölgəsinə son hücumu da xüsusi qeyd olunub. Bu hücum nəticəsində tanınmış sahə komandiri Heysəm Təbatəbai və bir neçə silahdaşı şəhid olub. Blok bildirib ki, yaşayış binasına yönəlmiş bu zərbə “qabaqlayıcı əməliyyat” sayıla bilməz — bu, açıq təcavüz, bütün livanlıların təhlükəsizliyinə təhdid və ölkənin sabitliyinə zərbədir.
“Livan xalqının hüquqları qurban verilə bilməz”
Blok bəyan edib ki, Livan vətəndaşlarının təhlükəsizliyi, hüquqları və ləyaqəti “irqçi və işğalçı rejimin” iradəsinə qurban verilə bilməz. Qeyd olunub ki, İsrailin ardıcıl pozuntularının qarşısını almaq üçün beynəlxalq ictimaiyyət real və təsirli mexanizmlər tətbiq etməlidir.
Qəzzada atəşkəsin pozulması və beynəlxalq qurumların mövqeyi
Vəfa Müqavimət Bloku qeyd edib ki, İsrail Qəzzada da atəşkəs rejimini pozmaq üçün müxtəlif bəhanələr uydurur. Əlavə olunub ki, beynəlxalq qurumlar ya susur, ya da passiv müşahidəçi mövqeyi tutur ki, bu da onları “cinayətdə şərik” və ya “etibarsız şahid” mövqeyinə salır.
Bir il əvvəlki razılaşma və davam edən pozuntular
Blok xatırladıb ki, ötən il bu gün İsrailin iki ay davam edən genişmiqyaslı hücumlarından sonra düşmənçilik fəaliyyətlərinin dayandırılması barədə razılaşma elan edilmişdi. Lakin İsrail bir il boyunca razılaşmanın heç bir müddəasına əməl etməyib və Livana qarşı hücumlarını davam etdirərək yüzlərlə şəhid və yaralıya səbəb olub. Beş strateji nöqtə isə hələ də işğal altındadır.
