İsraildə iqtisadi təzyiq artır
İsrailin “Maariv” qəzeti yazır ki, ölkədə açıq icra və borc işlərinin sayı son bir ildə 25% artıb. Rəsmi məlumatlara görə, hazırda ölkədə təxminən iki milyon aktiv icra işi mövcuddur və onlardan 378 min-i yalnız 2024-cü ildə açılıb.
Müharibədən əvvəl bu işlərin çoxu kiçik və orta bizneslərlə bağlı idi, lakin indi vəziyyət tam dəyişib. Qəzetin məlumatına görə, hazırda açılan işlərin 90%-i adi vətəndaşlara məxsusdur və onların borcu əsasən 20 min şekeldən azdır.
“Böhran sıravi vətəndaşlara çatdı”
Maliyyə şirkəti “Karin Finance”in icraçı direktoru Matan Fertman bildirib ki, müharibə sonrası yaranan iqtisadi durum bir çox ailəni borc bataqlığına salıb. “Bir il əvvəl bu cür işlər əsasən biznes strukturlarına aid idi. İndi isə fərdi borcluların sayı partlayış səviyyəsindədir,” – deyə o qeyd edib.
Fertmanın sözlərinə görə, xüsusilə Tel-Əviv və mərkəzi bölgələrdə açılan işlərin sayı 35% artıb. “Əvvəllər yüksək gəlirli bölgələrdə belə vəziyyət müşahidə olunmurdu. İndi isə bu təbəqələr də iqtisadi təzyiq altındadır,” – deyə o bildirib.
Faizlər, inflyasiya və kredit çatışmazlığı
Ekspertlər bildirirlər ki, böhranın əsas səbəbləri faiz dərəcələrinin artması, inflyasiyanın davam etməsi və kredit imkanlarının daralmasıdır. Bu amillər birləşərək həm ailələrin, həm də kiçik bizneslərin maliyyə öhdəliklərini yerinə yetirməsini çətinləşdirib.
Fertman vəziyyəti satirik şəkildə belə ifadə edib: “Banklar yayda çətir paylayır, qışda isə onu geri istəyirlər. Qiymətlər qalxıb, gəlirlər azalıb – ailələrin ödəmə gücü gündən-günə azalır.”
Borcların yenidən tənzimlənməsi tələbləri artır
Son aylarda dövlət orqanlarına, banklara və özəl maliyyə qurumlarına borc restrukturizasiyası və hissəli ödəniş müraciətlərinin sayı da sürətlə yüksəlib. Bu, İsrail iqtisadiyyatında dərin sosial gərginliyin artdığını göstərir.
Ekspertlər xəbərdarlıq edirlər ki, əgər iqtisadi göstəricilərdə ciddi dəyişiklik baş verməzsə, 2025-ci ilin sonuna qədər açıq icra işlərinin sayı 2,5 milyona çata bilər.
