Mühacir Təşkilatlar: “Bu Amnistiya Deyil, Manipulyasiyadır”

3 Dəq Oxuma Müddəti

Amnistiya ilə bağlı gözləntilər özünü doğrultmayıb

Azərbaycan mühacir təşkilatları və mühacirətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri dekabrın 22-dən icrasına başlanılmış Amnistiya aktı ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda vurğulanır ki, sənədlə bağlı ictimaiyyətdə yaranan gözləntilər özünü doğrultmayıb və qəbul edilən qərar real problemlərin həllinə töhfə vermir.

Müəlliflərin fikrincə, amnistiya aktı nə penitensiar müəssisələrdəki məhbus sıxlığını azaltmağa, nə də uzun illərdir gündəmdə olan siyasi məhbus problemini aradan qaldırmağa qadirdir.

Tətbiq dairəsi formal olaraq genişdir

Bəyanatda qeyd olunur ki, amnistiyanın tətbiq dairəsi ilk baxışdan geniş təsir bağışlasa da, aktın əsas maddələri ciddi məhdudiyyətlər ehtiva edir. Belə ki, amnistiya əsasən cəzasının bitməsinə 6 ay və ya 1 il qalmış şəxslərə şamil edilir. Cəza müddətlərinin azaldılması da eyni zaman çərçivəsi ilə məhdudlaşdırılır.

Eyni zamanda sənəddə amnistiyanın tətbiq edilmədiyi cinayət əməllərinin siyahısına az ağır cinayətlərin də geniş şəkildə daxil edildiyi vurğulanır. Bu isə, bəyanat müəlliflərinin qənaətinə görə, amnistiyanın real təsir imkanlarını xeyli daraldır.

“Karseral dövlət” siyasətinə tənqid

Sənəddə Azərbaycan hakimiyyətinin uzun illərdir davam etdirdiyi “karseral dövlət” praktikası da tənqid olunur. Bildirilir ki, cinayət-hüquqi mexanizmlərdən geniş istifadə və siyasi motivli həbslər ölkədə məhbus sayının artmasına səbəb olub.

Bəyanat müəllifləri hazırda siyasi məhbusların sayının 400-ə yaxın olduğunu bildirir və bunun Azərbaycanın Avropa Şurasına üzv olduğu dövrdə qeydə alınmış ən yüksək göstərici olduğunu qeyd edirlər.

Onların fikrincə, cəzasının bitməsinə az qalmış məhbusların azadlığa buraxılması üçün şərti vaxtından əvvəl azad etmə və ya cəzanın yüngülləşdirilməsi kimi mexanizmlər mövcud qanunvericilikdə artıq nəzərdə tutulub və bu hallar amnistiya elan edilməsini zəruri etmir.

“Ən genişmiqyaslı” təqdimatına etiraz

Mühacirətdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin qənaətinə görə, qəbul edilən amnistiya nə sistemli problemləri aradan qaldırır, nə də real islahatlara yol açır. Onlar hesab edirlər ki, hökumətin bu amnistiyanı “ən genişmiqyaslı” kimi təqdim etməsi ictimai rəyi çaşdırmağa xidmət edir və mahiyyət etibarilə manipulyativ xarakter daşıyır.

“Bu vəziyyəti nəzərə alaraq bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi olaraq ictimaiyyətə bəyan edirik ki, bu addım amnistiya deyil, manipulyasiyadır”, – deyə sənəddə vurğulanır.

Rəsmi statistika və qərarın qəbulu

Xatırladaq ki, İlham Əliyev dekabrın 15-də “Konstitusiya və Suverenlik İli” (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsü ilə çıxış edib. Milli Məclis isə dekabrın 19-da layihəni qəbul edib. Amnistiya aktının icrasına dekabrın 22-dən başlanılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələr üzrə amnistiyanın təxminən 8 min məhkuma şamil ediləcəyi gözlənilir. Onlardan 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, təxminən 3 min məhkumun isə cəzası 6 ay azaldılacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş