İranın yeni ali lideri müəyyənləşdirildi
İranda Rəhbərlik Ekspertlər Şurası Müctəba Xameneini ölkənin İslam İnqilabı və İslam Respublikasının üçüncü ali lideri seçdiyini açıqlayıb. Qurumun yaydığı rəsmi bəyanatda bildirilib ki, bu qərar geniş araşdırmalar və müzakirələrdən sonra qəbul edilib.
Şuranın açıqlamasında qeyd olunub ki, seçim İran Konstitusiyasının 108-ci maddəsinin verdiyi səlahiyyətlər əsasında həyata keçirilib. Bildirilib ki, qərar həm dini məsuliyyətin dərk olunması, həm də ölkənin siyasi və ideoloji rəhbərliyinin davamlılığının təmin olunması məqsədilə qəbul edilib.
Səsvermə nəticəsi və qərarın əsaslandırılması
Bəyanata görə, Müctəba Xameneinin seçilməsi Rəhbərlik Ekspertlər Şurasının üzvlərinin qəti səs çoxluğu ilə baş tutub. Şura bu qərarın qəbulunda “vilayəti-fəqih” institutunun yüksək məqamını və İran İslam Respublikasının siyasi sistemində liderlik məsələsinin strateji əhəmiyyətini əsas götürdüyünü vurğulayıb.
Rəsmi açıqlamada həmçinin bildirilib ki, şura ölkənin siyasi və dini rəhbərliyinin davamlılığını təmin etməyi əsas prioritet kimi qəbul edib. Bu məqsədlə yeni liderin seçilməsi prosesinin sürətli və qəti şəkildə həyata keçirildiyi qeyd olunub.
İran xalqına birlik çağırışı
Rəhbərlik Ekspertlər Şurası İran xalqını, xüsusilə dini hövzələrdə və universitetlərdə fəaliyyət göstərən ziyalıları yeni rəhbərliyə dəstək verməyə çağırıb. Bəyanatda vətəndaşların ölkədə birlik və həmrəyliyi qoruyaraq vilayət prinsipi ətrafında birləşməsinin vacibliyi vurğulanıb.
Şura həmçinin Konstitusiyanın 111-ci maddəsinə əsasən fəaliyyət göstərən müvəqqəti rəhbərlik mexanizminin üzvlərinə göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirib.
Ayətullah Seyid Əli Xameninin şəhadətindən sonra proses
Açıqlamada qeyd olunub ki, ölkənin ali lideri Ayətullah Seyid Əli Xameneinin şəhid olmasından dərhal sonra yeni rəhbərin seçilməsi prosesi gecikdirilmədən başladılıb. Şura vurğulayıb ki, bu proses ölkənin üzləşdiyi ağır hərbi şəraitə və birbaşa təhlükələrə baxmayaraq fasiləsiz davam etdirilib.
Bildirilir ki, həmin dövrdə Rəhbərlik Ekspertlər Şurasının katibliyinin ofisləri də hücumlara məruz qalıb. Buna baxmayaraq, şura konstitusiya və daxili nizamnamədə nəzərdə tutulan vəzifələrə uyğun olaraq fövqəladə iclasın çağırılması və yeni liderin seçilməsi üçün lazımi hazırlıqları həyata keçirib.
ABŞ və İsrail
Şura bəyanatında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları qınayıb. Açıqlamada Ayətullah Seyid Əli Xameneinin və digər şəxslərinşəhid olması ilə bağlı başsağlığı ifadə olunub.
Bəyanatda xüsusilə Minab şəhərində məktəbli qızların həyatını itirməsi ilə bağlı hadisəyə də diqqət çəkilib və bu itkilərin İran xalqı üçün böyük faciə olduğu vurğulanıb.
