Mossad İfşası Səs-Küy Yaratdı: X (Twitter) Hesabı Bağlandı, Açıqlamalar Telegram-da Davam Edir

2 Dəq Oxuma Müddəti

Mossad zabitlərinin məlumatları ifşa olundu

Yayımlanan xəbərlərə görə, “Yəqin Həmmad” adlı ifşaçı qrup İsrailin təhlükəsizlik qurumlarına aid əməkdaşların şəxsi məlumatlarını yayımlamağa başlayıb. Qrup Telegram və Twitter-də Israelinreal adlı hesab vasitəsilə Mossad, Şabak, Aman və digər qurumların əməkdaşlarına aid ad, ünvan, foto və telefon nömrələrini dərc edir.

Qrup bəyan edib ki, İsrail kəşfiyyat sisteminin müxtəlif təbəqələrinə aid məlumatları həm gizli, həm də açıq mənbələr vasitəsilə əldə edib və bu məlumatları mərhələli şəkildə yayımlayaraq “bu şəxslərin əsl kimliyini dünya ictimaiyyətinə tanıtmağı” hədəfləyir.

“İsrail kəşfiyyatının toxunulmazlıq mifi çökəcək”

“Yəqin Hammad” qrupu iddia edir ki, onların apardığı ifşa prosesi İsrailin kəşfiyyat qurumları ətrafında formalaşdırılan “toxunulmazlıq mifini” dağıtmağı qarşısına məqsəd qoyub. Qrupun sözlərinə görə, Mossad əməkdaşları “güman etdiklərindən daha çox ifşa olunmağa açıq və həssasdırlar”.

İlk paylaşımda həmin hesab “Qay Saqi” adlı yüksək rütbəli Mossad əməkdaşı olduğunu iddia etdiyi şəxsin fotolarını dərc etmiş, həmçinin onun ünvanı və telefon nömrələrini yayımlamışdı.

İkinci ifşa: Gənc Mossad zabiti Aran Prensa

İfşa qrupunun ikinci hədəfi isə Mossadın gənc əməkdaşlarından biri olan Aran Prensa olub. Qrupun məlumatına görə, Prensa hərbi xidmətini “Aman”ın 8200-cü Bölməsində keçirib, 2011-ci ildən etibarən əvvəlcə qismən, daha sonra isə tam ştatlı şəkildə Mossadda fəaliyyət göstərib. O, siqnal və rabitə texnologiyaları üzrə geniş təlimlər keçib.

Həmçinin iddia olunur ki, Prensa siyasi elmlər və beynəlxalq münasibətlər üzrə təhsil alıb, Kuba raket böhranı haqqında akademik araşdırma aparıb və Tel-Əviv Universitetində diplomatiya və təhlükəsizlik mövzularında kurslar keçib.

Twitter hesabı bağlandı, fəaliyyəti Telegram-da davam edir

Mossad əməkdaşlarının şəxsi məlumatlarının ardıcıl şəkildə paylaşılması Twitter administrasiyasının müdaxiləsi ilə nəticələnib və qrupun hesabı bağlanıb. Bununla belə, “Yəqin Hammad” ifşalarının Telegram üzərindən davam edəcəyini bəyan edib.

Qrup öz mesajlarında iddia edir ki, daha çox məlumat üzə çıxarılacaq və İsrailin kəşfiyyat qurumlarının “görünməzlik zirehi” növbəti açıqlamalarla sarsıdılacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş