“Anlaşmadan əsər-əlamət qalmayıb”
İranın ali rəhbərinin hərbi müşaviri, general Möhsün Rzayi bildirib ki, ABŞ İslamabad Memorandumunun müddəalarını pozub və artıq həmin anlaşma nə hüquqi, nə də praktiki baxımdan mövcuddur.
Onun sözlərinə görə, Vaşinqtonun hücumları daha bir neçə gün davam edərsə, İran siyasi sərhədlərlə məhdudlaşmayan genişmiqyaslı hücum mərhələsinə keçəcək.
ABŞ-a qarşı sərt sözlər
Rzayi İran televiziyasına müsahibəsində ABŞ-ı memorandumun bir sıra müddəalarını pozmaqda günahlandırılır.
O bildirib ki, İsrailin Cənubi Livandan çıxmaması, Hörmüz boğazında qanunsuz marşrut yaradılması, İranın suverenliyinə hörmət edilməməsi, ölkənin sahil bölgələrinə hücumlar və dondurulmuş İran aktivlərinin qaytarılmaması bu pozuntular sırasındadır.
Hörmüz boğazı ilə bağlı mövqe
Rzayi qeyd edib ki, İran Hörmüz boğazını ölkənin və qlobal iqtisadiyyatın təhlükəsizliyini qorumaq məqsədilə bağlayıb.
O vurğulayıb ki, Tehran ABŞ-ın Hörmüz boğazının idarə edilməsində hər hansı rol almasını qəbul etmir və bu iddianın Avropa, Rusiya və Çin tərəfindən də qəbul olunmadığını bildirib.
“Genişmiqyaslı hücum başlayacaq”
General Rzayi ABŞ-ın son hərbi əməliyyatlarının məqsədinin İranın müqavimətini qırmaq olduğunu deyib.
O bildirib ki, əgər hücumlar daha iki-üç gün davam edərsə, İran genişmiqyaslı hərbi əməliyyat mərhələsinə keçəcək və bu zaman cavab tədbirləri ilə kifayətlənməyəcək.
Rzayinin sözlərinə görə, belə bir vəziyyətdə ABŞ İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçiriləcək kütləvi zərbələrini gözləməlidir.
“ABŞ təzminat ödəməlidir”
İran rəsmisi ölkəsinin ABŞ hücumlarına hərbi müstəvidə cavab verəcəyini bildirib.
O əlavə edib ki, bugünkü qarşıdurmada göstərilən müqavimət İranın gələcək onilliklərdə təhlükəsizliyini təmin edəcək.
Rzayi həmçinin ABŞ-ın İran xalqına vurduğu ziyana görə təzminat ödəməli olduğunu vurğulayıb.
Regionda gərginlik artır
Rzayinin açıqlamaları ABŞ-ın son günlər İranın cənub bölgələrinə endirdiyi zərbələr və İranın buna cavab olaraq regiondakı ABŞ bazalarına hücumlar həyata keçirdiyi bir vaxtda səsləndirilib.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının yenidən tam bağlandığını açıqlayıb. Vaşinqton isə buna cavab olaraq İran limanlarına qarşı dəniz blokadasını bərpa etdiyini bildirib.

