Misirin Rəfəh keçidi ilə bağlı mövqeyi
Misir hakimiyyəti Qəzza zolağında yerləşən Rəfəh Sərhəd Keçid Məntəqəsinin yenidən açılmasından sonra bölgədən yaralıların qəbuluna və humanitar yardımların çatdırılmasına hazır olduğunu bəyan edib. Misir dövlət televiziyasına açıqlama verən Şimali Sinay qubernatoru, general-mayor Xalid Mücavir bildirib ki, Rəfəh keçidinin Misir tərəfi bölgədəki son hadisələrə tam şəkildə hazır vəziyyətdədir.
Mucavir vurğulayıb ki, təhlükəsizlik və logistika baxımından bütün ehtimallar nəzərə alınaraq qabaqlayıcı tədbirlər görülüb. Onun sözlərinə görə, məqsəd mümkün açılış anında operativ və koordinasiyalı fəaliyyət göstərməkdir.
Böhran idarəetmə mexanizmi işə salınıb
Yardımlar və yaralıların qəbulu üçün tam hazırlıq
Şimali Sinay qubernatoru qeyd edib ki, böhran idarəetmə mərkəzi Rəfəh Sərhəd Keçid Məntəqəsinin açılmasına hazırlıq məqsədilə müxtəlif ssenarilər üzərində işləyir. Bu ssenarilərə humanitar yardımların Qəzzaya çatdırılması və yaralıların Misir ərazisinə qəbul edilməsi də daxildir.
Mücavir deyib: “Hadisələrin gedişi imkan verdiyi təqdirdə, yardımların çatdırılması daxil olmaqla bütün ehtimallar nəzərdən keçirilir”. O, Misirin bu vəziyyətə əvvəlcədən hazırlaşdığını, Qahirədəki böhran mərkəzi və dövlətin bütün aidiyyəti qurumları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərdiklərini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, “yardımların girişi və Qəzza zolağından yaralıların qəbul edilməsi üçün yüz faiz hazırıq”.
Qəzza atəşkəsi və Rəfəh Sərhəd Keçid Məntəqəsi
Qəzza zolağında atəşkəs və Rəfəh keçidinin açılması məsələsi son aylarda aparılan beynəlxalq danışıqların əsas mövzularından biri olub. ABŞ prezidenti Donald Tramp 9 oktyabr 2025-ci ildə Misirdə davam edən danışıqlar zamanı İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı. İsrail hökumətinin təsdiqindən sonra atəşkəs ertəsi gün qüvvəyə minib.
Yanvarın 26-da Qəzza zolağında son israilli əsir Ran Qvilinin cəsədinin tapılaraq İsrailə gətirilməsi ilə fələstinli qruplar razılaşmanın ilk mərhələsində nəzərdə tutulan öhdəliklərin böyük hissəsini yerinə yetirmiş hesab olunur.
Razılaşmanın növbəti mərhələsi
Atəşkəsə baxmayaraq, İsrail ordusu müxtəlif iddialarla Qəzza zolağında fələstinlilərə qarşı hücumlarını davam etdirir. Bu fonunda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff yanvarın 14-də Qəzza planının 20 maddədən ibarət ikinci mərhələsinin başladığını açıqlayıb. Eyni zamanda Qəzza zolağının idarə olunması üçün fələstinli texnokratlardan ibarət, Əli Şaasın rəhbərlik etdiyi Qəzza İdarəetmə Milli Komitəsinin yaradıldığı bildirilib.
Razılaşmanın ilk mərhələsinə əsasən, sionist rejimin 2024-cü ilin may ayından bəri bağlı saxladığı və nəzarətində olan Misir–Qəzza sərhədindəki Rəfəh Sərhəd Keçid Məntəqəsinin açılması və humanitar yardımların razılaşdırılmış həcmlərdə bölgəyə buraxılması da öhdəliklər sırasındadır.
İşğalçı rejimin KAN dövlət televiziyasının məlumatına görə, Rəfəh Sərhəd Keçid Məntəqəsinin fevralın 1-də hər iki istiqamətdə açılması gözlənilir.
