Minneapolis etirazların mərkəzinə çevrilib
ABŞ-ın Minnesota ştatında, xüsusilə Minneapolis şəhərində Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əleyhinə etiraz aksiyaları davam edir. Son həftələrdə ICE əməkdaşlarının əməliyyatları zamanı iki ABŞ vətəndaşının güllələnərək öldürülməsi ölkə ictimaiyyətində ciddi narazılıq yaradıb. Bu hadisələrdən sonra başlayan etirazlar bu gün də səngiməyib.
Sərt hava şəraitinə baxmayaraq kütləvi iştirak
Etirazların əsas mərkəzi sayılan Minneapolisdə yüzlərlə insan hava temperaturunun -14 dərəcəyədək enməsinə baxmayaraq Minneapolis Hökumət Binasının parkında toplaşıb. Aksiya iştirakçıları ICE əleyhinə şüarlar səsləndirib, plakatlar qaldıraraq qurumun Minnesota ştatını tərk etməsini tələb ediblər.
Aksiyalar səbəbindən şəhərin bir çox küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Yedidən yetmişə qədər müxtəlif yaş qruplarından olan Minneapolis sakinləri yürüşə qatılaraq etirazlarını açıq şəkildə ifadə ediblər.
ICE-in ləğvi tələbləri yüksəlir
Bir çox etirazçı ICE-in tamamilə ləğv olunmasını tələb edib. Aksiya zamanı Vaşinqtona da açıq mesajlar göndərilib. Etirazçılar həm ABŞ Prezidenti Donald Trampa, həm də Konqresə müraciət edərək ICE-in fəaliyyəti ilə bağlı konkret addımlar atılmasını istəyiblər. Kəskin soyuğa baxmayaraq yürüş planlaşdırıldığı kimi başa çatdırılıb.
Etirazçıların fikirləri
ABŞ vətəndaşı Jodi İrvin bildirib ki, baş verənlər cəmiyyətdə dərin qorxu yaradıb:
“İnsanları, uşaqları, qonşularımı aparırlar, onları küçənin ortasında öldürürlər. Nə deyəcəyimi bilmirəm. Sanki hücum altındayıq, öz ölkəmizdə, öz hökumətimizlə müharibə içindəyik.”
Soyadını açıqlamaq istəməyən Brendan adlı digər etirazçı isə ICE-in metodlarını qəbuledilməz adlandırıb və bunları cəmiyyəti qorxutmaq məqsədi daşıyan terror taktikasına bənzədib.
Universitet tələbəsi Emmet Tayd isə bildirib ki, ICE-in xarici tələbələri də hədəf alması gənclər arasında ciddi narahatlıq yaradıb və Minnesota uğrunda mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Minnesota hadisələrinin xronologiyası
Qeyd edək ki, yanvarın 7-də Minneapolisdə ICE əməkdaşları miqrantlara qarşı əməliyyat zamanı 37 yaşlı ABŞ vətəndaşı Reni Nikol Maklin Qud adlı qadını avtomobilində güllələyərək öldürmüşdülər. Daxili Təhlükəsizlik Naziri Kristi Noem hadisə zamanı qadının ICE əməkdaşlarını vurmağa cəhd etdiyini iddia edib.
Yanvarın 24-də isə Minneapolisdə daha bir şəxs ICE əməkdaşları tərəfindən saxlanılmaq istənilərkən güllələnib. Rəsmi açıqlamalara görə, ölən şəxs 37 yaşlı amerikalı tibb işçisi Aleks Cefri Pretti olub və hadisə zamanı onun yanında silah olduğu bildirilib.
