Milli Xalça Muzeyində Faiq Əhmədin 2011–2024-cü İlləri Əhatə Edən Sərgisi Açılacaq

2 Dəq Oxuma Müddəti

az.rasthaber.com xəbər verir ki, sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılacaq.

Muzeydən verilən məlumata görə, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirən sərgidə təqdim olunacaq nadir xalçaların böyük hissəsi ilk dəfə ölkə tamaşaçılarına nümayiş etdiriləcək.

Əsərlər daha əvvəl Havayda İslam İncəsənəti, Mədəniyyəti və Dizaynı Muzeyi “Şanqri La”, Kaliforniyada San Luis Obispo İncəsənət Muzeyi, Pensilvaniya İncəsənət və Dizayn Kolleci, Nyu Orleanda Tuleyn Universiteti Nyukomb İncəsənət Muzeyi, Şarjədə Maraya İncəsənət Mərkəzi, Niderlandda Arnem Muzeyi və İsveçin Boras şəhərindəki Tekstil Muzeyi kimi nüfuzlu mərkəzlərdə nümayiş etdirilib.

Ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşması ilə tanınan rəssam bu qədim sənət növünü müasir fəlsəfə, düşüncə və texnologiya ilə birləşdirir. Sərgidə müəllifin tekstil sənətinə baxışını əks etdirən “Sosial anatomiya” (2016)“Sən bir sirsən” (2024) adlı videoçarxlar da təqdim olunacaq. Açılış mərasimində rəssamın Almaniyada çap olunmuş “Faig Ahmed” kitabının təqdimatı keçiriləcək. Nəşrdə xarici mediada dərc olunmuş müsahibələr və elmi məqalələr yer alıb.

Rəssamın əsərləri indiyədək Toronto Ağa Xan Muzeyi, London Viktoriya və Albert Muzeyi, Melburn Viktoriya Milli Qalereyası, Roma Müasir İncəsənət Muzeyi, Tasmaniya Qədim və Müasir İncəsənət Muzeyi, eləcə də Bakıdakı Heydər Əliyev Mərkəzi və dünyanın müxtəlif şəhərlərindəki digər nüfuzlu sənət mərkəzlərində sərgilənib. Əsərləri, həmçinin San-Fransiskodakı De Young Muzeyi, Çikaqo İncəsənət İnstitutu və Los-Anceles İncəsənət Muzeyi kimi kolleksiyalara daxildir.

Sərgi dekabrın 30-dək davam edəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş