Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
Azərbaycan milli komandası bu gün DÇ–2026-nın seçmə mərhələsi çərçivəsində son – 6-cı turun oyununa çıxıb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Tofiq Bəhramov adına Respublika Stadionunda güclü rəqib Fransanı qəbul edib. Qarşılaşmanı 30 minə yaxın azarkeş stadiondan izləyib.
Matçın əvvəlində millimizin fəal oyunu nəticə verib və hesab erkən açılıb. Lakin dünya səviyyəli heyətə malik Fransa sonrakı dəqiqələrdə təşəbbüsü ələ alaraq ardıcıl qollar vurub.
Millimizin erkən qolu nəticəni dəyişməyə yetmədi
Azərbaycan millisi 4-cü dəqiqədə Renat Dadaşovun vurduğu qolla hesabda önə keçib – 1:0. Bu qol tribunada böyük sevinc yaşadıb.
Fransa isə 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Maqnes Akliuş, birinci hissənin əlavə vaxtında isə Hefren Türamın qolu ilə oyunun taleyini həll edib – 1:3.
Azərbaycan seçmə mərhələni 1 xalla tamamlamaqla kifayətləndi
Bu nəticə ilə Azərbaycan millisi seçmə mərhələni cəmi 1 xalla tamamlayıb. Komanda daha əvvəl Parisdə – “Park de Prens” stadionunda keçirilən oyunda da Fransaya 0:3 hesabı ilə uduzmuşdu.
Hakimlər və VAR sistemi
Görüşün hakimləri Latviya nümayəndələri olub: baş hakim – Andris Treimanis, yardımçı hakimlər – Haralds Gudermanis və Aleksey Spasennikovs, dördüncü hakim – Vitalis Spasyoņņikovs.
VAR-da Niderlanddan Kley Ruperti, AVAR-da isə Latviya təmsilçisi Kristaps Ratnieks çalışıb.
D qrupunun digər qarşılaşması
Günün digər matçında:
Ukrayna – İslandiya: 2:0
Bu nəticələrlə D qrupunda seçmə mərhələ yekunlaşıb.
