500 milyard dollarlıq razılaşma: OpenAI-nin yeni dövrü başlayır
Microsoft və OpenAI süni intellekt sənayesində tarixi sayılan 500 milyard dollarlıq razılaşma imzalayıblar. Bu saziş OpenAI-nin quruluşunu dəyişdirərək, onu “ictimai fayda üçün çalışan anonim şirkət” (Public Benefit Corporation – PBC) modelinə keçməyə imkan verir.
Bu yeni model OpenAI-nin həm ictimai maraqlara xidmət edən, həm də kommersiya məqsədli fəaliyyət göstərə bilən hibrid quruma çevrilməsini nəzərdə tutur.
Microsoft 135 milyard dollarlıq pay sahibi oldu
Yeni razılaşmaya əsasən, Microsoft OpenAI Group PBC-də 135 milyard dollar dəyərində, yəni təxminən 27 faiz paya malik olacaq. Qeyd edək ki, Microsoft indiyədək OpenAI-yə 13,8 milyard dollar sərmayə yatırmışdı, bu da təxminən 10 qat gəlir deməkdir.
Sazişin elanından sonra Microsoft-un səhmləri 2,5 faiz bahalaşıb və şirkətin bazar dəyəri yenidən 4 trilyon dolları keçib.
Əməkdaşlıq 2032-ci ilə qədər davam edəcək
Razılaşma iki nəhəng şirkət arasında əməkdaşlığın ən azı 2032-ci ilə qədər davam edəcəyini müəyyən edir. Yeni saziş çərçivəsində OpenAI, Microsoft-un Azure bulud xidmətlərindən 250 milyard dollar dəyərində xidmət alacaq. Lakin Microsoft bundan sonra OpenAI-yə xüsusi və prioritet xidmət hüququna malik olmayacaq.
Həmçinin Microsoft, OpenAI-nin gələcəkdə hazırlayacağı donanım layihələri üzərində heç bir hüquq əldə etməyəcək. Xatırladaq ki, OpenAI 2025-ci ilin martında Apple-ın keçmiş dizayn direktoru Coni Ayvın qurduğu io Products startapını 6,5 milyard dollara satın almışdı.
AGI səviyyəsində müstəqil yoxlama mexanizmi
Sazişin şərtlərinə görə, OpenAI “Ümumi Süni İntellekt (AGI)” səviyyəsinə çatdığını iddia etdiyi təqdirdə, bu iddianı təsdiqləmək üçün müstəqil ekspertlərdən ibarət komissiya yaradılacaq.
OpenAI Fondunun rəhbəri Bret Teylor bildirib:
“Qeyri-kommersiya fondu hələ də kommersiya şirkətinə nəzarəti saxlayır. Bu, AGI yaranmazdan əvvəl daha böyük resurslara çıxış imkanı yaradır.”
Yeni model – sərbəst maliyyə və şəffaflıq
2019-cu il razılaşması OpenAI-nin xarici sərmayədarlarla əməkdaşlığını məhdudlaşdırır və bulud xidmətlərini diversifikasiya etməsini çətinləşdirirdi. Yeni saziş bu məhdudiyyətləri tam aradan qaldıraraq sərbəst maliyyə cəlbi imkanlarını açır.
“50 Park Investments” şirkətinin baş direktoru Adam Sarhan bu barədə deyib:
“Yeni quruluş OpenAI-yə həm innovasiyanı sürətləndirmək, həm də şəffaflıq və hesabatlılıq baxımından daha aydın istiqamət müəyyən etmək imkanı verir.”
“DA Davidson” analitik direktoru Gil Luria isə qeyd edib ki, bu razılaşma OpenAI-nin əvvəlki qeyri-kommersiya statusundan doğan hüquqi və maliyyə qeyri-müəyyənliklərini aradan qaldırır və şirkətin investisiya strategiyasını dəqiqləşdirir.
Hazırda OpenAI-nin həftəlik 700 milyondan çox aktiv istifadəçisi var. Ekspertlər hesab edirlər ki, bu yeni struktur sayəsində şirkət süni intellekt sahəsində innovasiyaları daha da sürətləndirəcək və qlobal investorlar üçün daha cəlbedici hala gələcək.
