MEDİA-dan rəsmi bəyanat
Medianın İnkişafı Agentliyi (MEDİA) bəyan edib ki, qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın “Səhər” telekanalının və “Mehr” xəbər agentliyinin, eləcə də bu media qurumlarının nümayəndələrinin Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir.
Açıqlama İran tərəfinin Azərbaycan Televiziyasını (AzTV) “düşmən media qurumları” siyahısına daxil etməsindən sonra yayılıb.
Milli maraqlara zidd fəaliyyət iddiası
Bəyanatda qeyd olunub ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərir.
MEDİA-nın məlumatına görə, həmin qurumlar ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparırlar.
Qarşılıqlılıq prinsipi əsas götürülüb
Agentlik vurğulayıb ki, qəbul edilən qərar dövlətlərarası münasibətlərdə tətbiq olunan qarşılıqlılıq prinsipinə əsaslanır.
MEDİA bəyanatında Azərbaycanın milli maraqlarının və informasiya təhlükəsizliyinin qorunmasının prioritet olaraq qaldığını diqqətə çatdırıb.

