Məşhur aktyor Mark Ruffalo ABŞ Prezidenti Donald Trampı hədəf alan çıxışında onu “məhkum olunmuş təcavüzkar” və “pedofil” adlandıraraq, “dünyanın ən alçaq insanı” kimi xarakterizə edib.
ABŞ Prezidenti Donald Trampın apardığı siyasət ölkə daxilində də ciddi və sərt tənqidlərə səbəb olur. Bu tənqidçilərdən biri də tanınmış aktyor Mark Ruffalodur.
Mark Ruffalo Los-Ancelesdə keçirilən 2026 Qızıl Qlobus Mükafatları mərasimində Trampa qarşı çox sərt ifadələr işlədib.
Mərasim Beverly Hilton otelində baş tutarkən, Mark Ruffalo, Ariana Grande, Jean Smart, Wanda Sykes və Natasha Lyonne da daxil olmaqla bir çox məşhur şəxs qırmızı xalıda yaxalarına qara-ağ nişanlar taxaraq yürüş edib.
Üzərində “BE GOOD” (Yaxşı ol) və “ICE OUT” (ICE kənara) yazılan bu nişanlar, ötən həftə Minneapolisdə Miqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşı tərəfindən avtomobilində vurularaq öldürülən Renee Nicole Goodun xatirəsinə həsr olunub.
Kampaniya həm Renee Nicole Goodun, həm də Yeni il gecəsi Los-Ancelesdə məzuniyyətdə olan ICE əməkdaşı tərəfindən öldürülən Keith Porterin xatirəsini yaşatmağı və dövlət zorakılığına diqqət çəkməyi məqsəd qoyub.
Ruffalodan Trampa sərt ittihamlar
Televiziya kateqoriyasında “Ən yaxşı kişi aktyor” nominasiyasına namizəd olsa da mükafatı Noah Wyle-a uduzan 58 yaşlı Mark Ruffalo qırmızı xalıda USA Today-ə verdiyi açıqlamada nişanını göstərərək dedi:
“Bu, qətlə yetirilmiş Renee Nicole Good üçündür.”
Ruffalo Tramp barədə isə daha sərt danışdı və Venesuelaya qarşı hərbi əməliyyatları “qanunsuz işğal” adlandıraraq belə dedi:
“Beynəlxalq hüquq onun üçün heç nə ifadə etmir. Onun üçün vacib olan yeganə şey öz əxlaq anlayışıdır. Amma qarşımızdakı adam məhkum olunmuş cinayətkardır, məhkum olunmuş təcavüzkardır. O, pedofildir. O, dünyanın ən alçaq insanıdır.”
Ruffalo Trampın Jeffrey Epsteinlə keçmiş əlaqələrinə də toxunaraq əlavə etdi:
“Dünyanın ən güclü ölkəsini bu adamın əxlaqına etibar edərək idarə ediriksə, hamımız böyük bir təhlükə altındayıq.”
Aktyor hisslərini belə ifadə edib:
“Bu gün qorxu içində yaşayan və terrora məruz qalan insanlardan biri də mənəm. Ölkəmi sevirəm, amma hazırda gördüyüm şey Amerika deyil.”
Ağ Evdən cavab
Ruffalonun açıqlamalarına Ağ Evdən gecikmədən cavab gəlib. Ağ Evin Kommunikasiya Direktoru Steven Cheung, X platformasında Ruffalonu hədəf alaraq yazıb:
“Ruffalo sənayedəki ən zəif aktyorlardan biridir. Daha da təsir edici olan isə açıq-aşkar yalan danışaraq özünün daha ‘pis bir insan’ olduğunu sübut etməsidir.”
Mark Ruffalo kimdir?
Mark Alan Ruffalo 22 noyabr 1967-ci ildə anadan olub. Amerikalı aktyor, rejissor, prodüser və ssenari müəllifidir.
O, Zodiac, You Can Count on Me və xüsusilə The Avengers film seriyasında canlandırdığı Bruce Banner / Hulk obrazı ilə dünya miqyasında tanınıb.
