Mançester Yunayted Premyer Liqada önəmli qələbə qazandı
İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən mərkəzi oyunda Mançester Yunayted öz meydanında Çelsini 2-1 hesabı ilə məğlub edib. Old Traffordda baş tutan matç gərgin anlarla yadda qalıb.
Oyunun gedişi
Qarşılaşma “zadəganlar” üçün şokla başladı. Daha 5-ci dəqiqədə qapıçı Robert Sançes rəqib hücumçusu Brian Mbeumoya qarşı kobud müdaxiləsinə görə qırmızı vərəqə ilə meydandan qovuldu. Çelsinin baş məşqçisi Enzo Mariska məcburi dəyişikliyə əl ataraq əvəzedici qapıçı Filip Yürgenseni və müdafiəçi Tosin Adarabioyunu meydana buraxdı.
Yunayted say üstünlüyündən tez yararlandı. Komandanın kapitanı Bruno Fernandes 14-cü dəqiqədə dəqiq zərbə ilə hesabı açdı. Çelsinin uğursuzluqları bununla bitmədi. Komandanın gənc ulduzu Kol Palmer 21-ci dəqiqədə zədələnərək oyunu tərk etdi.
İki qırmızı vərəqəli qarşılaşma
Qarşılaşmanın 30-cu dəqiqəsində braziliyalı yarımmüdafiəçi Kasemiro baş zərbəsi ilə hesabı 2:0 etdi. Lakin az sonra o, ikinci sarı vərəqə ilə meydandan qovuldu. Beləliklə, hər iki komanda matçın qalan hissəsini 10 nəfərlə davam etdirdi.
Çelsinin son dəqiqə ümidləri
İkinci hissədə Çelsi qayıdış etmək üçün bütün gücünü ortaya qoydu. Sona 10 dəqiqə qalmış müdafiəçi Trevo Çalobah künc zərbəsindən sonra başla fərqlənərək hesabı 2-1 etdi. Bununla belə, Mançester Yunayted qalan dəqiqələrdə hesabı qoruyaraq Premyer Liqada vacib üç xal qazanmağı bacardı.
Turnir cədvəlində son durum
Qələbə sayəsində “qırmızı şeytanlar” 7 xal toplayaraq 9-cu pilləyə yüksəldi. Çelsi isə 6 xalla müvəqqəti olaraq 6-cı yerdə qaldı.
Premyer Liqada mövsümün əvvəlindən bəri nəticələri dəyişkən olan hər iki komanda bu oyunla azarkeşlərə həm gərgin, həm də dramatik futbol təqdim etdi.