İngiltərə Premyer Liqasında yay transfer pəncərəsinin son günü bir sıra mühüm keçidlər baş verib.
İngiltərə mətbuatı yazır ki, “Mançester Yunayted” və “Aston Villa” Ceydon Sançonun icarəsi barədə razılığa gəlib. Buna görə, Sanço bir mövsümlük icarə əsasında “Villa Park”a yollanacaq. Razılaşmaya əsasən, futbolçunun həftəlik 250 min funt maaşının 80 faizini “Aston Villa”, 20 faizini isə “Yunayted” ödəyəcək. Müqaviləyə əlavə bonus şərtləri də daxil edilib ki, onların icrası halında “Aston Villa” maaşın tam ödənilməsinə cavabdeh olacaq.
25 yaşlı Sanço ilə yayda “Yuventus”, “Milan” və “Roma” maraqlanmışdı, lakin yüksək maaş səbəbi ilə danışıqlar nəticəsiz qalmışdı.
Əvvəllər “Yunayted”in Sançonu göndərərək əvəzində “Aston Villa”nın qapıçısı Emiliano Martinesi almaq istədiyi bildirilirdi. Lakin son xəbərlərə görə, bu transfer baş tutmayıb və klub qapıçı mövqeyi üçün Belçikanın “Antverp” komandasından Sen Lamenslə razılıq əldə edib. O, tibbi müayinədən keçdikdən sonra 21 milyon avro + bonus müqabilində 5 illik müqavilə imzalayacaq.
Digər tərəfdən, mətbuat Martinesin növbəti klubunun böyük ehtimalla Türkiyənin “Qalatasaray”ı olacağını yazır. İstanbul təmsilçisi ötən gün “Fənərbağça” ilə rəqabətdə “Mançester Siti”nin qapıçısı Edersonu transfer edə bilməmişdi.
“Mançester Yunayted” həmçinin Antoni ilə bağlı “Real Betis”lə razılığa gəlib. Razılaşmaya əsasən, gələcəkdə oyunçu satılarsa, “Yunayted” transfer məbləğinin 50 faizinə sahib olacaq.
Klubdan ayrılan digər oyunçular isə bunlardır:
-
Tayrel Malasiya – “Elçe” (icarə)
-
Alehandro Qarnacho – “Çelsi” (40 milyon avro)
-
Markus Raşford – “Barselona” (icarə)
-
Viktor Lindelöf və Kristian Eriksen – sərbəst agent olaraq ayrılıblar
-
Tobi Kollier – “Vest Bromviç” (icarə)