Makronun Lecornu-nu Yenidən Baş Nazir Təyin Etməsi Fransada Narazılıq Yaratdı

3 Dəq Oxuma Müddəti

Makronun qərarı siyasi mübahisə doğurdu

Fransa Prezidenti Emmanuel Makronun bu həftənin əvvəlində istefa etmiş Sebastyan Lekornu-nu yenidən baş nazir təyin etməsi ölkədə kəskin reaksiyalara səbəb olub.

Sebastyan Lekornu sosial media hesabında yayımladığı bəyanatda, “Prezidentin mənə verdiyi missiya – ilin sonuna qədər Fransa üçün büdcə qəbul etmək və vətəndaşların gündəlik problemlərinə həll tapmaq – məsuliyyətlə qəbul etdiyim bir vəzifədir” – deyə bildirib.

O, son həftələrdə yaşanan siyasi böhranın ölkənin imicinə mənfi təsir etdiyini və bu vəziyyətə yalnız keçmiş səhvlərdən nəticə çıxarmaqla son qoyula biləcəyini vurğulayıb.

“Bazar ertəsi istefa verdi, cümə günü yenidən təyin olundu”

Makronun qərarı müxalifət tərəfindən sərt tənqid edilib.
Radikal solçu “Boyun Əyməyən Fransa” (LFI) partiyasının parlament fraksiyası sədr müavini Matild Pano yazıb:
“Tarixdə heç bir prezident bu qədər ikrah və qəzəblə idarə etməyib. Bazar ertəsi istefa verən Lekornu, cümə günü Makron tərəfindən yenidən təyin edildi. Makron sadəcə qaçılmaz sonunu gecikdirir.”

Pano həmçinin bildirib ki, solçu deputatlar hökumətə qarşı etimadsızlıq təklifi və Makronun vəzifədən uzaqlaşdırılması barədə təşəbbüsü imzalayacaqlar.

“İnanılmaz” və “qəbuledilməz seçim”

Yaşıllar Partiyasının (EELV) lideri Marin Tondelye Lekornu-nun yenidən təyin olunmasını “inanılmaz” adlandırıb.

Fransa Kommunist Partiyasının (PCF) baş katibi Fabien Russel isə “Makronun bu addımı xalqdan tamamilə uzaq olduğunu göstərir. Bu, qəbuledilməz bir seçimdir,” – deyə bəyan edib.
Russel həmçinin yenidən seçki çağırışı edərək “Prezident və dostları maliyyə elitasının maraqları üçün çalışırlar” sözlərini əlavə edib.

“Demokratiya üçün utanc”

Sağçı “Milli Birlik” (RN) partiyasının baş katibi Jordan Bardella isə bu qərarı “demokratiya üçün utanc” və “Fransa xalqına hörmətsizlik” adlandırıb.
O, RN-in Lekornu hökumətinə qarşı təqdim ediləcək etimadsızlıq təklifini dəstəkləyəcəyini açıqlayıb.

RN-in tanınmış simalarından Marin Le Pen də Meclisin buraxılmasının artıq “qaçılmaz” olduğunu bildirib.

Fransa siyasətində ardıcıl böhran

Fransada son aylarda büdcə məsələləri ilə bağlı davam edən siyasi gərginlik hökumətlərin tez-tez dəyişməsi ilə nəticələnib.
Mərkəz sağçı Mişel Barnye hökuməti dekabrda, 2025-ci il büdcə razılaşmazlığı səbəbindən etimadsızlıq səsverməsi ilə devrilmişdi.

Daha sonra Prezident Makron Fransua Bayru-nu baş nazir təyin etsə də, onun hökuməti də sentyabr ayında parlamentdən etimad ala bilməyib. Nəticədə, 9 sentyabrda Müdafiə naziri vəzifəsini icra edən Sebastyan Lekornu baş nazir təyin olunmuşdu.

Lekin o, 5 oktyabrda yeni hökuməti qurduqdan bir gün sonra artan ictimai təzyiqlər və etirazlar fonunda istefa verməyə məcbur qalmışdı.

Makronun indi onu yenidən eyni vəzifəyə gətirməsi isə Fransa siyasətində böhranı daha da dərinləşdirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş