Makron Qəzza planı üçün Misirə yollanır
Fransa Prezidenti Emmanuel Makron gələn həftənin bazar ertəsi Misirə rəsmi səfər edəcək. Bu barədə məlumatı Fransa Prezident Administrasiyası – Yelisey sarayı yayıb. Bildirilib ki, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə hazırlanan Qəzza planının icrasını müzakirə etməkdir.
Yelisey sarayının açıqlamasında qeyd olunur ki, Makron regiondakı tərəfdaşlarla birgə razılaşmanın maddələrinin həyata keçirilməsi üçün atılacaq növbəti addımları müzakirə edəcək. Fransa rəhbərliyi bəyan edib ki, Paris iki dövlətli həlli bölgədə sabit və davamlı sülhün yeganə əsası kimi görür.
Paris “iki dövlətli həll” mövqeyini qoruyur
Makron bir neçə gün öncə Parisdə Qəzzada təhlükəsizlik vəziyyəti və bərpa mexanizmlərinin müzakirə edildiyi nazirlər görüşündə çıxış edərkən demişdi: “Bu toplantının məqsədi ABŞ-ın təşəbbüsü ilə paralel şəkildə bölgədə hərtərəfli və dayanıqlı sülh yaratmaqdır.”
Fransa Prezidenti həmçinin bütün tərəfləri atəşkəs razılaşmasına riayət etməyə çağırıb və “qarşıdakı saatların Qəzzada sülhün bərqərar olması baxımından həlledici olacağını” vurğulayıb. O, bölgədə iştirak edən ölkələrin səylərini yüksək qiymətləndirərək, “bu səylər uzunmüddətli danışıqların nəticəsidir” deyib.
Qəzza razılaşmasına İsrail də “hə” dedi
İsrail hökuməti dünən rəsmi olaraq Qəzza razılaşmasını təsdiqləyib. Sənəd atəşkəsin təmin edilməsi və məhbus mübadiləsini nəzərdə tutur. Razılaşma Misirdə aparılan dolayı danışıqlardan sonra Misir, Qətər və ABŞ-ın birgə vasitəçiliyi ilə imzalanıb.
Müqaviləyə əsasən, Həmasın nəzarətində olan israilli əsirlər azad ediləcək, qarşılığında isə İsrail həbsxanalarında saxlanılan fələstinlilərin bir hissəsi azadlığa buraxılacaq. Razılaşma həmçinin Qəzzada atəşin tam dayandırılmasını və bölgədə yenidənqurma işlərinə başlanılmasını əhatə edir.
Diplomatik səylər davam edir
Makronun Misir səfərinin həm diplomatik, həm də simvolik əhəmiyyət daşıdığı bildirilir. Paris Qəzza planının uğurla icrasının regionda sabitliyin bərpası üçün zəruri olduğunu hesab edir.
Fransa hökuməti hesab edir ki, Misir bu prosesdə əsas vasitəçi rolunu oynayır və Qahirə ilə birgə diplomatik koordinasiya sülh sazişinin reallaşmasına mühüm töhfə verə bilər.
Makronun səfəri zamanı Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş məzmunlu danışıqların aparılacağı, eləcə də Qəzza planının siyasi və humanitar aspektlərinin müzakirə ediləcəyi gözlənilir.