Mahmud Abbas: İşğal iki dövlətli həlli təhlükəyə atır
Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas BMT-də çıxışı zamanı İsrailin siyasətini kəskin tənqid edib. O, bildirib ki, Tel-Əvivin hazırkı hökuməti beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd şəkildə iki dövlətli həll prosesini sistemli olaraq məhv edir.
“İsrail Oslodan bu yana bütün razılaşmaları pozdu”
Abbas vurğulayıb ki, İsrail heç vaxt imzalanmış sazişlərə sadiq qalmayıb:
“İsrail nəinki Oslo sazişlərinə, həm də sonrakı bütün razılaşmalara əməl etmədi, əksinə, onların hamısını pozdu.”
O, əlavə edib ki, BMT-də qəbul olunmuş minlərlə qətnamədən heç biri həyata keçirilməyib və bu, fələstinlilərin yaşadığı faciəli vəziyyətin davam etməsinə səbəb olub.
Qəzzada idarəçilik üçün yeni təklif
Abbas Qəzza ilə bağlı xüsusi plan təqdim edib. Onun sözlərinə görə, qanuni Fələstin rəhbərliyi BMT və ərəb ölkələrinin dəstəyi ilə Qəzzanın idarəsini üzərinə götürməlidir:
“Biz Qəzzada müvəqqəti idarə heyəti vasitəsilə məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bu, beynəlxalq dəstək və ərəb ölkələrinin iştirakı ilə həyata keçirilməlidir.”
Məbədlərə və müqəddəs məkanlara hücum
Fələstin lideri qeyd edib ki, İsrailin hücumlarından yalnız mülki əhali deyil, həm də dini məkanlar zərər çəkir. O, məscidlərə, kilsələrə və qəbiristanlıqlara qarşı edilən hücumların beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Qətərə qarşı hücum qınandı
Abbas İsrailin Qətərə yönəlik təxribatçı addımlarını da sərt tənqid edib və bunu “təhlükəli eskalasiya” adlandırıb:
“Bu cür təcavüzkar planlara qarşı qətiyyətli tədbirlər görülməlidir.”
Beynəlxalq dəstəyə təşəkkür
Fələstin Prezidenti, ölkəsini tanıyan Fransa da daxil olmaqla 149 dövləti minnətdarlıqla yad edib. O, fələstinlilərin soyqırıma məruz qalmasının qarşısını almaq və müstəqilliyi təmin etmək üçün beynəlxalq ictimaiyyəti daha qətiyyətli addımlar atmağa çağırıb.
Abbas: “Sülh planını həyata keçirməyə hazırıq”
Çıxışının sonunda Abbas, Nyu-York konfransında təqdim olunmuş sülh təşəbbüsünün reallaşdırılması üçün ABŞ, Səudiyyə Ərəbistanı və Fransa ilə əməkdaşlığa hazır olduqlarını bəyan edib.