Maduronun Çağırışı: “Fəhlə Sinfi Venesuelanın Ən Böyük Qalxanıdır”

2 Dəq Oxuma Müddəti

Maduro: “Əgər hücum etsələr, xalq inqilabi tətilə qalxacaq”

Venesuela Prezidenti Nikolas Maduro ölkənin fəhlə sinfini ABŞ-ın mümkün hərbi hücumuna qarşı ümumi səfərbərliyə və müqavimətə hazır olmağa çağırıb.

Karakasda fəhlə nümayəndələri ilə görüşündə çıxış edən Maduro bildirib ki, Venesuela fəhlə sinfi ölkənin “ən böyük milli qalxanı”dır və hər cür təcavüzə qarşı müdafiənin önündə dayanacaq:

“Əgər bir gün hücum etsələr, hansı istiqamətdən gəlməsindən asılı olmayaraq, xalq ayağa qalxacaq. Fəhlələr inqilabi tətil elan edəcək, vətəndaş itaətsizliyi başlayacaq və xalq öz hakimiyyətini bərpa edərək daha dərin bir inqilaba imza atacaq. Qardaşlarım, bu artıq əmirdir — əmr verildi!

Fəhlələrin istehsalatdakı rolu və sahil müdafiəsi

Prezident həmçinin ölkənin istehsal sektorunda fəhlələrin aparıcı rolunu vurğulayıb və “sosialist iqtisadi modelinin” həyata keçirilməsində istehsalat şuralarının əhəmiyyətini önə çəkib.

Maduro çıxışında milli sahil müdafiə qüvvələrinin aktivləşdirilməsi barədə də göstəriş verib. O, “müstəqillik sahilini müdafiə 200” adlı 72 saatlıq hərbi təlimlərin başladığını açıqlayıb. Təlimlərdə ordu, milis dəstələri və polis qüvvələri iştirak edir və ölkənin 700 sahil nöqtəsində təhlükəsizlik ssenariləri sınaqdan keçirilir.

“Bu təlimlər Venesuelanın suverenliyini qorumaq və hər cür xarici müdaxiləyə qarşı hazırlığı təmin etmək məqsədi daşıyır,” – deyə dövlət başçısı bildirib.

“Venesuela minlərlə hava hücumundan müdafiə sistemi ilə qorunur”

Maduro bir gün əvvəl verdiyi bəyanatda Venesuela ordusunun ölkə ərazisində 5 min ədəd Rusiya istehsalı “İqla-S” tipli zenit-raket kompleksi yerləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, minlərlə təlim keçmiş operator ölkənin bütün bölgələrində döyüşə hazır vəziyyətdədir.

“Şimaldan cənuba, şərqdən qərbə qədər Venesuela müdafiə sistemləri ilə əhatə olunub. Bizim hava sərhədlərimiz keçilməz olacaq,” – deyə o əlavə edib.

“Dezinformasiyaya baxmayaraq, müstəqilliyimizi qoruyacağıq”

Maduro çıxışını Venesuelaya qarşı aparılan “beynəlxalq dezinformasiya kampaniyasını” pisləməklə bitirib:

“Onlar xalqın iradəsini sarsıtmaq istəyirlər. Amma Venesuela azadlığını və müstəqilliyini sonadək müdafiə edəcək.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş