Maduro: “Məsələ Narkotik Deyil, Venesuelanın Neftidir”

2 Dəq Oxuma Müddəti

Madurodan ABŞ-a sərt ittihamlar

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin hədəf alınmasının səbəbi kimi irəli sürülən “narkotik qaçaqmalçılığı” iddialarını rədd edərək, əsas məqsədin Venesuelanın zəngin enerji ehtiyatlarının talan edilməsi olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın əsl niyyəti artıq gizli deyil.

Maduro çıxışında “maskanın düşdüyünü” deyərək bildirib ki, məsələ narkotik daşımaları deyil: “Bu, neftdir. Onlar Venesuelanın neftini oğurlamaq istəyirlər”. Prezident əlavə edib ki, imperialist qüvvələr təkcə neftlə kifayətlənmir, həm də asfalt, qaz və digər təbii sərvətlərə göz dikiblər.

“Oğru, buradan uzaq dur”

Venesuela lideri ABŞ-a birbaşa müraciət edərək sərt ifadələr işlədib: “İmperializm bizim neftimizi, qazımızı və sərvətlərimizi oğurlamaq istəyir. Biz isə deyirik: ey oğru, buradan uzaq dur”. Maduro vurğulayıb ki, Venesuela öz suverenliyini və milli sərvətlərini qorumaqda qərarlıdır.

Onun sözlərinə görə, Venesuela dövləti və xalqı xarici təzyiqlər qarşısında geri çəkilməyəcək və sonda qalib gələcək. Prezident venesuelalıları “cəsur, yaradıcı və öncü xalq” adlandıraraq, onların heç vaxt təslim olmayacağını bildirib.

“Neft uğrunda müharibəyə yox”

Maduro çıxışında neft uğrunda müharibələrə də açıq şəkildə etiraz edib. O bildirib ki, Venesuela üçün əsas prinsip sülhdür: “Neft uğrunda müharibəyə yox, neft uğrunda qan tökülməsinə yox”. Prezidentin bu bəyanatı Latın Amerikasında artan geosiyasi gərginlik fonunda diqqət çəkib.

Trampın açıqlamasından sonra gəldi

Maduronun bu açıqlamaları ABŞ prezidenti Donald Trampın iki gün əvvəl verdiyi bəyanatdan sonra səsləndirilib. Tramp həmin çıxışında ABŞ-ın Venesuela sahilləri yaxınlığında “çox böyük bir neft tankerini ələ keçirdiyini” iddia etmişdi. Bu açıqlama Karakas tərəfindən ölkənin suverenliyinə açıq təhdid kimi qiymətləndirilib.

Ekspertlər hesab edir ki, Vaşinqton və Karakas arasında ritorikanın bu şəkildə sərtləşməsi regionda yeni siyasi və iqtisadi qarşıdurma riskini artırır. Venesuela tərəfi isə beynəlxalq ictimaiyyəti ABŞ-ın addımlarına qarşı mövqe bildirməyə çağırır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş