Maduro: Venesuela heç kimə boyun əyməyəcək
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkəsinin əsas məqsədi suverenlik, sülh və öz müqəddəratını təyinetmə hüququnu qorumaqdır. O, Karib hövzəsi, Cənubi Amerika və Venesuelanın təhlükə altına salınmasına qarşı xəbərdarlıq edərək deyib:
“Venesuela, Karib xalqları və bütün Cənubi Amerika sülh hüququna malikdir. Heç kim nə Karibi, nə Cənubi Amerikanı, nə də Venesuelanı təhdid etməməlidir”.
“Müstəmləkə dövrü bitdi”
Maduro çıxışı zamanı vurğulayıb ki, artıq müstəmləkə dövrü geridə qalıb və Venesuela heç vaxt əsarəti qəbul etməyəcək:
“Biz suveren, müstəqil, üsyankar və cəsur bir xalqıq. Heç bir imperiya bizə hökm edə bilməz”.
ABŞ ittihamlarını rədd etdi
Prezident ABŞ-ın Venesuelaya qarşı irəli sürdüyü ittihamları əsassız adlandırıb. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Ümumdünya Gömrük Təşkilatı və hətta ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi (DEA) bu iddiaların yalan olduğunu sübuta yetirib.
“ABŞ-ın yaratdığı saxta hekayələrə öz xalqı belə inanmır. Biz həqiqət uğrunda mübarizəni uduruq və hər gün bu həqiqəti dünyaya çatdırmalıyıq” – deyə o bildirib.
Silahlı qüvvələrin mövqeyi
Maduro vurğulayıb ki, Venesuela Silahlı Qüvvələri başqa ölkələrdə rejim dəyişmək üçün deyil, yalnız öz vətənini müdafiə etmək üçün hazırlanır:
“Biz heç kimin neftini, qızılını və ya qazını oğurlamırıq. Biz sadəcə öz suverenliyimizi qorumaq məcburiyyətindəyik”.
O, həmçinin “Karib 200” hərbi təlimlərinin uğurla keçirildiyini qeyd edib və xalqı ordunun ətrafında birləşməyə çağırıb.
“ABŞ Venesuela sərvətlərini ələ keçirmək istəyir”
Maduro ABŞ-ın əsas məqsədinin Venesuelanın təbii sərvətlərini ələ keçirmək və ölkədə Vaşinqtona tabe olan hökumət qurmaq olduğunu bildirib.
“Bütün Venesuela birləşməlidir, yalnız birlik bizi qoruyar. ABŞ beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkəmizə qarşı qeyri-əxlaqi müharibə aparır” – deyə o vurğulayıb.
“Mən yalnız xalqa borcluyam”
Maduro sonda bildirib:
“Mən heç bir imperiyaya və satqın oliqarxiyaya borclu deyiləm. Mən yalnız Venesuela xalqına borcluyam. Həyatımı xalqıma borcluyam və həqiqət də budur”.