Madurodan Latın Amerikası və BMT ölkələrinə müraciət
Venesuela prezidenti Nikolas Maduro Latın Amerikası və Karib hövzəsi ölkələrinin liderlərinə, eləcə də Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə ünvanladığı rəsmi müraciətdə ABŞ-ın Karib dənizində hərbi fəallığını kəskin şəkildə tənqid edib. O, bu addımların regional sabitliyə, beynəlxalq hüquqa və qlobal enerji bazarlarına ciddi təhlükə yaratdığını vurğulayıb.
Venesuela xarici işlər naziri İvan Gil tərəfindən yayımlanan və Maduronun imzası ilə təqdim olunan məktubda bildirilir ki, ABŞ-ın Karib hövzəsində həyata keçirdiyi hərbi eskalasiya həm regionun təhlükəsizliyini, həm də beynəlxalq nizamı sarsıdır.
ABŞ-ın Karibdə “ən böyük hərbi yerləşməsi” iddiası
Məktubda ABŞ-ın son onilliklər ərzində Karib dənizində ən geniş dəniz və hava qüvvələri yerləşdirdiyi qeyd olunur. Bu yerləşməyə Venesuela sahilləri yaxınlığında nüvə sualtı qayığının da daxil olduğu bildirilir. Rəsmi Karakas bu addımları “narkotiklə mübarizə” adı altında pərdələnən birbaşa güc nümayişi və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirir.
Venesuela tərəfi hesab edir ki, bu cür hərbi mövcudluq regionda gərginliyi artırır və münaqişə riskini yüksəldir.
“Mülki gəmilərə hücumlar və dəniz blokadası”
Müraciətdə ABŞ qüvvələrinin 2025-ci ilin sentyabr–dekabr ayları arasında Karib dənizi və Sakit okeanda 28 mülki gəmiyə silahlı hücum həyata keçirdiyi iddia olunur. Bildirilir ki, bu hücumlar nəticəsində təxminən 104 nəfər məhkəməsiz şəkildə qətlə yetirilib. Venesuela bu hadisələri beynəlxalq humanitar hüququn və mülki gəmiçiliyin qorunmasına dair konvensiyaların kobud şəkildə pozulması kimi dəyərləndirir.
Bununla yanaşı, ABŞ-ın Venesuelaya məxsus neft gəmilərini saxladığı və enerji ixracına qarşı faktiki dəniz blokadası tətbiq etdiyi vurğulanır. Rəsmi Karakas bu addımları “dövlət səviyyəsində quldurluq” adlandıraraq, onların qlobal enerji bazarlarına ciddi mənfi təsir göstərə biləcəyini qeyd edib.
Beynəlxalq ictimaiyyətə çağırış
Nikolas Maduro Latın Amerikası və Karib ölkələrini, eləcə də BMT üzvlərini birgə mövqe sərgiləməyə çağırıb. O, ABŞ-ın hərbi yerləşməsinin, dəniz blokadasının və silahlı hücumlarının dərhal dayandırılmasını tələb edib.
Məktubda Venesuelanın sülh və dialoqa sadiq qaldığı vurğulansa da, ölkənin öz suverenliyini və təbii sərvətlərini qorumaq hüququnu saxladığı qeyd olunub. Maduro beynəlxalq ictimaiyyəti bu addımları pisləməyə, hərbi eskalasiyanın qarşısını almağa və bu cür halların təkrarlanmaması üçün beynəlxalq məsuliyyət mexanizmlərini işə salmağa çağırıb.
ABŞ isə öz növbəsində Karibdəki əməliyyatlarının “narkotik qaçaqmalçılığı ilə mübarizə” məqsədi daşıdığını bildirir. Venesuela hakimiyyəti isə bu iddiaları rədd edərək, Vaşinqtonun əsas hədəfinin ölkədə rejim dəyişikliyi və təbii sərvətlərə nəzarət olduğunu vurğulayır.
