Macarıstan Rus–Amerika Sammitinin Təxirə Salınmadığını Bildirdi

2 Dəq Oxuma Müddəti

Siyyarto: “Sammitin tarixi əvvəldən müəyyənləşməyib”

Macarıstan Xarici İşlər naziri Peter Siyyarto Budapeştdə keçirilməsi gözlənilən Rusiya–ABŞ sammitinin təxirə salındığı barədə yayılan məlumatlara aydınlıq gətirib. O, bu iddiaları təkzib edərək bildirib ki, sammit üçün konkret tarix heç vaxt müəyyənləşdirilməyib.

Nazir bu barədə çərşənbə günü verdiyi açıqlamada deyib: “Ümid edirəm ki, bu görüş baş tutacaq. Amma hələlik heç bir rəsmi tarix açıqlanmayıb. Tarix müəyyən edilməyibsə, təxirəsalınmadan danışmaq mənasızdır.”

“Avropa ölkələri Putinin səfərinə imkan yaratmalıdır”

Siyyarto həmçinin qeyd edib ki, Avropa dövlətləri Rusiya Prezidenti Vladimir Putinin Budapeştə səfərinə icazə verməlidir. Onun sözlərinə görə, bu səfərə mane olmaq Avropa ölkələrinin sülh istəmədiyini göstərərdi. “Putinin bu sammitə qatılmasına maneə yaratmaq, sülh təşəbbüslərinə qarşı çıxmaq deməkdir,” – deyə o vurğulayıb.

Nazir “CNN” telekanalına verdiyi müsahibədə bildirib ki, bu gün ABŞ-ın dövlət katibi Mark Rubi ilə görüş keçirəcək və görüşdən sonra vəziyyətlə bağlı “daha aydın mənzərə” formalaşacağına ümid etdiyini söyləyib.

Moskva: “Şərtlərimiz dəyişməyib”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bir gün öncə bildirib ki, Ukrayna ilə bağlı sülh şərtləri avqust ayında keçirilən Putin–Tramp sammitindən bəri dəyişməyib. Lavrov əlavə edib ki, növbəti görüş üçün də hələlik konkret tarix razılaşdırılmayıb.

Lavrov jurnalistlərə açıqlamasında “CNN” tərəfindən yayılan, sammitin təxirə salındığını iddia edən xəbəri “vicdansız və dezinformasiya xarakterli” adlandırıb. Onun sözlərinə görə, bəzi amerikalı rəsmilər Rusiyanın “sərt mövqe” tutduğunu iddia etməklə informasiya manipulyasiyasına yol verir.

Ağ Ev: “Yaxın vaxtlarda görüş planı yoxdur”

Digər tərəfdən, Ağ Ev rəsmisi də “Əl-Meyadin” telekanalına açıqlamasında yaxın gələcəkdə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş planlaşdırılmadığını təsdiqləyib.

Xatırladaq ki, iki lider 16 oktyabrda bu il içində səkkizinci telefon danışığını aparıblar. Danışıq təxminən iki saat yarım davam edib və Kremlin məlumatına görə, həmin söhbətdən sonra Budapeştdə yeni sammitin keçirilməsi ehtimalı gündəmə gəlib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş