“İran üstünlük əldə etdi”
Sionist rejimin “Maariv” qəzeti yazıb ki, İranla 41 gün davam edən qarşıdurmanın nəticəsi Tehranın xeyrinə olub. Qəzet qeyd edir ki, müharibə İranın üstünlüyü və ABŞ ilə sionist rejimin strateji geri çəkilməsi ilə yekunlaşıb.
Məlumata görə, qarşıdurma zamanı sionist rejimdə 5 minə yaxın bina zərər görüb və ölkə ciddi itkilərlə üzləşib.
“Rejim dəyişmədi, sistem qorundu”
Qəzet vurğulayır ki, İran rəhbərliyinin hədəfə alınması gözlənilən nəticəni verməyib. Xüsusilə ali rəhbərin hədəfə alınması planlarının uğursuz olduğu qeyd olunur.
Bildirilir ki, İranın siyasi və hərbi sistemi fəaliyyətini davam etdirib və nüvə proqramı da dayandırılmayıb. Bu isə “ilk zərbə ilə sistemi çökdürmək” strategiyasının iflasa uğradığını göstərir.
“Tehran şərtləri diktə etdi”
“Maariv” yazır ki, İran taktiki baxımdan ABŞ-a öz şərtlərini qəbul etdirə bilib. Qəzetin iddiasına görə, əldə olunan razılaşma əsasən Tehranın şərtləri əsasında formalaşıb.
Eyni zamanda qeyd olunur ki, İran qarşıdurmanın son anına qədər hərbi əməliyyatları davam etdirib və son zərbəni də özü endirib.
Hörmüz boğazı İranın təsir alətinə çevrilib
Qəzetə görə, Hörmüz boğazı bu münaqişədən sonra İranın əsas geosiyasi alətlərindən birinə çevrilib. Tehran bu strateji nöqtə üzərində nəzarətini möhkəmləndirib və regiondakı dəniz ticarətinə təsir imkanlarını artırıb.
Hətta İranın gələcəkdə bu keçid üçün rüsum tətbiq etməyi nəzərdən keçirdiyi iddia olunur.
“Sionist rejim Livanda da uduzdu”
“Maariv” bildirir ki, İsrail Livan cəbhəsində də istədiyi nəticəni əldə edə bilməyib. Qəzetə görə, İranın Hizbullahla əlaqələri davam edir və atəşkəs razılaşması bu qüvvələrin silahsızlaşdırılmasını nəzərdə tutmur.
Bu isə regionda İranın təsirinin daha da gücləndiyini göstərir.
İşğalçı rejimdə ağır nəticələr
Qəzet yazır ki, müharibə rejim daxilində ciddi fəsadlara səbəb olub. Ölkədə hava limanı bağlanıb, iqtisadiyyat demək olar ki, iflic vəziyyətə düşüb.
Eyni zamanda İran, Yəmən və Livandan atılan minlərlə raket nəticəsində insan tələfatı və geniş dağıntılar qeydə alınıb.
Regionda yeni reallıq formalaşır
“Maariv”in təhlilinə görə, İran və onun müttəfiqləri bu qarşıdurmadan qalib çıxan yeganə tərəf kimi görünür. ABŞ və sionist rejim isə isə müharibə məqsədlərinin böyük hissəsindən imtina etməyə məcbur olub.
Bu vəziyyət regionda yeni siyasi və hərbi balansın formalaşdığını göstərir.
